Hüseynbala Səlimov
Bəri başdan etiraf edirəm ki, dəqiq yadımda deyil: o vaxt bizə Azərbaycanda sovet-sosialist inqilabının olması haqda nəsə deyirdilər, ya yox?
Bəli, XI Qızıl Ordu yadımdadır, hətta hər il 28 Aprelin bizim Azərbaycanda sovet hakimiyyətinin qurulması günü kimi qeyd olunmasını da unutmamışam. Di gəl, inqilabla bağlı bir şey eşitməmişdim və yalnız sonradan dəqiqləşəcəkdi ki, Oktyabr özü bir çevriliş olduğu kimi, kənarlardakı sosialist inqilabları, o cümlədən də 28 Aprel də çevriliş, hətta təcavüz olmuşdu.
Bütün hallarda, bu həftə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından 100 il keçir. Əlbəttə, tamam gülməli olardı ki, kimsə bu "yuvarlaq tarixi” qeyd etmək fikrinə düşsün: axı dünyada heç kim, heç bir xalq öz məğlubiyyətini, öz müstəqilliyini itirməyi bayram kimi qeyd etmir, əlbəttə, əgər o, belə məğlubiyyəti matəm kimi qeyd etmək səviyyəsinə qalxıbsa...
Ələlxüsus da unutmayaq ki, Azərbaycan tezliklə ikinci dəfə müstəqillik əldə etməsinin 29-cu ildönümünü qeyd edəcək.
Bəli, bu müddət ərzində təkcə bizim milli müstəqillik dövrünün bəzi epizodları yox, ümumiyyətlə, ölkənin bütün tarixi analiz edilibdir və düşünmək olardı ki, tariximizdə "ağ ləkə”lər qalmayıb və yaxud da çox az qalıbdır.
Amma bu, adama yalnız ilk baxışda belə gəlir. Belə də isə əski sovet sistemi, onun ideoloji ştampları bizim tarixi-mədəni müstəvimizə o qədər proyeksiya olunubdur ki, hələ bundan xeyli müddət sonra da onlardan azad olmaq lazım gələcəkdir, baxmayaraq ki, ölkəmiz sovet abidələrindən, adlarından və ya tarixi konsepsiyalarından ən qısa və tez müddətdə imitina edən respublikalardan olubdur.
Fəqət, nə qədər qəribə olsa da, bu prosesdə bir qədər qeyri-ardıcıllıq, selektivlik və ayrı-seçkilik olub. Bir halda hansısa bir insanın haqqında bütün tarixi həqiqəti deyir, digər bir halda isə, ya susuruq, ya da həqiqəti tam şəkildə, axıra qədər demirik, hətta tariximizin qara səhifələrini belə ağartmağa çalışırıq...
Hətta keçmiş bolşevik-kommunistləri belə, bir qayda olaraq, "özümüzünkülər”ə və "özgə”lərə bölürük, halbuki onların bizim tarix və millətimiz qarşısında suçu eyni qədərdir – onların hamısı təcavüzkar rejim və ölkə ilə əməkdaşlıq edib, bir çox hallardasa, təcüvüz prosesinin ən aktiv iştirakçıları olublar.
Məsələn, bizim Nəriman Nərimanova münasibətimiz həmişə digər gördüyümüz, haqqında eşitdiymiz və yaxud oxuduğumuz kommunistlərə qarşı münasibətdən fərqlənib. Əlbəttə, Nərimanovun bizm tarixdə rolu həmişə onun bolşevik kimi fəaliyyətindən daha geniş olub – yox, o, həm də yazıçı, maarifçi və ictimai xadim idi. Amma unutmamalıyıq ki, Nərimanov da Bakıya XI "qızıl ordu”nun əsgərlərinin çiyinlərində qayıtmışdı.
Əlbəttə, biz onun xidmətlərini, xüsusən də Azərbaycan Xalq Komissarları Şurasının sədri olduğu vaxtlarda ölkəyə və onun ayrı-ayrı insanlarına qarşı yönələn təhlükələri sovuşdurmaq, onların qarşısını almaq kimi cəhdlərini heç vaxt unuda bilmərik. Amma onu da inkar edə bilmırik ki, Nərimanovun xidmət etdiyi rejim təcavüzkar bir rejim idi.
Məsələn, hətta indinin özündə Nərimanovun xatirəsi daha çox əbədiləşdirilibdir, nəinki bizim Birinci Demokratik Respublikamızın xadimlərinin! Onun adına metro stansiyası var, bütöv rayonlar bu adamın adını daşıyır, ən müxtəlif müəssisə və təsisatların adı onunla bağlıdır, bəlkə də ölkdə yüzdən çox küçə bu adamın adını daşıyır. Bizim birinci Demokratik Respublikanın xadimlərinisə ən yaxşı halda epizodik olaraq mayın 28-də anırlar...
Bəzi mütəxəssislər – onların arasında hətta peşəkar tarixçilər də az deyildir, - sovet hakimiyyətini bizə başqa bir "büküm”də təqdim etməyə cəhd edirlər; guya bu, daha mütərəqqi rejim olubdur, guya müttəfiq respublika olandan sonra biz milli dövlətçiliyin bəzi atributlarını əldə etmişdik və s.
Belə idimi? Əlbəttə ki, yox. Azadlıq yarımçıq olmur: o, ya olur, ya da ki, olmur.
Sovet rejiminin sayəsində ərazilərimizin çox hissəsini itirdik. Əlbəttə ki, biz qədim dünya tarixi üzrə mütəxəssis deyilik, Qədim Roma imperiyası zamanında Cənubi Qafqazda hansı xalqların yaşamasını bilmirik. Aydın məsələdir ki, əgər ermənilər İranda və Osmanlı Türkiyəsi ərazisində yaşayıblarsa, bu adamlara Cənubi Qafqazda da təsadüf olunubdur, amma onlar burada azlıqda olan kiçik xalq kimi, çox seyrək bir şəkildə yaşayıblar. Onlar bizim ərazilərə sistemli şəkildə isə iki yüz il bundan əvvəl çar Rusiyası tərəfindən köçürülməyə başlanılıb və artıq "bolşevik inqilabları” ərəfəsində onlar kafi bir həddə çatmışdılar ki, "Ermənistan Sovet Respublikasını” elan etmək mümkün olsun.
Erməni millətçiləri çox açıq şəkildə deyirdilər ki, biz Ermənistan dövlətini elan etdik, onu qurmaq isə erməni kommunistlərinin vəzifəsidir. Etiraf etmək lazımdır ki, millətçilərin bu çağırışını kommunistlər göydə qapdılar və beləcə 70 il ərzində təkcə Azərbaycan xalqına qarşı yox, onun tarixinə qarşı da müharibə elan olundu, çünki erməni kommunistləri başa düşürdü ki, onlar bu torpaqları yalnız onların tarixini məhv edərək özünküləşdirə bilərlər.
Ona görə də hər dəfə sovet dövlətini xatırlayarkən qəti unutmaq lazım deyil ki, biz təkcə öz mədəniyyətimizi və tariximizi deyil, demək olar ki, torpaqlarımızın da yarısını itirdik...