"Qərb ölkələrinin Kiyevi dəstəkləməkdən yayınmağa çalışması Avropa ölkələrində resurs qıtlığından qaynaqlanır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə Qərbin tədricən Ukraynanı müdafiə etməkdən yayınmaq cəhdlərinin səbəblərindən danışarkən deyib.
Rüstəm Tağızadə bildirib ki, Qərb ölkələri Ukraynaya əvvəlki kimi dəstək verməkdən yayınır:
"Çünki ABŞ buna mane olur. Respublikaçı prezidentin hakimiyyətə gəlməsinə az müddət qalıb. Trampın dövründə də ABŞ-ın əsas diqqətinin iqtisadi müstəvidə Çinə qarşı yönələcəyi gözlənilir. Strateji səviyyədə Qərb ölkələri Ukraynanı dəstəkləyəcək, əsasən də ABŞ. Çünki Qərblə Rusiya arasında olan gərginlik hələ başa çatmayıb. Ona görə də strateji və siyasi səviyyədə Qərbin Kiyevə dəstəyini hələ ki, görəcəyik. Yanvar ayından sonra hansı dəyişikliklərin olacağı isə Trampın öz səlahiyyətlərinə başladıqdan sonra verəcəyi qərarlardan asılıdır".
Ekspert bildirib ki, bu məsələdə son nöqtə qoymağa tələsməməliyik:
"Əldə sülh proqramı olmadığından hazırda Ukrayna-Rusiya müharibəsində yekun fikri söyləmək olmur. Təbii ki, müharibənin dondurulması, Kiyevin NATO-ya qəbul edilməməsi kimi müxtəlif variantlar var. Qərb ölkələrinin Kiyevi dəstəkləməkdən yayınmağa çalışması əslində Avropa ölkələrində resursun olmamasından qaynaqlanır. Avropa resurs, hərbi və siyasi dəstək baxımından ABŞ-dan asılıdır. Avropanın Rusiya qədər resursu yoxdur. Digər tərəfdən, burada ilk növbədə ABŞ-ın dəstəyi vacibdir. Avropa ABŞ olmadan dişsiz geosiyasi coğrafiyadır. Ona görə də burada təbii ki, ABŞ-ın mövqeyi ön plana çıxmalıdır. Bu səbəbdən Trampın səlahiyyətlərə başlanası anını gözləməliyik".
Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi ilə bağlı Kiyevə beynəlxalq təzyiqlər artır. İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani Ukraynanın sülhün təmin edilməsi məqsədilə müəyyən güzəştlərə getməli olduğunu bəyan edib. RAI-1 telekanalına verdiyi müsahibədə Tayani vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün Ukraynanın diplomatik addımlar atmasının vacib olduğunu vurğulayıb. "Əgər ruslar irəliləməyə davam edərsə, Zelenski vəziyyətin daha da pisləşməsini istəmirsə, güzəştlərə getməli olacaq", deyə nazir qeyd edib.
Xatırladaq ki, Trampın ABŞ Prezidenti seçilməsindən sonra Ukrayna ilə bağlı bu sayaq açıalamaların sayı artıb. İralyan rəsmisindən əvvəl Almaniya kansleri Olaf Şolts da anoloji fikirlər səsləndirib. Bu isə onu göstərir ki, Qərb artıq Qərb sona qədər Ukraynanı qorumaq niyyətində deyil.
Rüfət Sultan
Şərhlər