Xəbər lenti

“Qolodomor“ və erməni “Çastuşkası“ - TƏHLİL
Siyasət10:20 27.01.2014

“Qolodomor“ və erməni “Çastuşkası“ - TƏHLİL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son həftə erməni mətbuatında dərc olunan bir çox materiallarda açıqlanmış iqtisadi göstəricilər və bu ölkənin düşdüyü dərin maliyyə böhranı haqda İnterpress.az-ın oxucularına analizimizi təqdim edirik. 

Statistik rəqəmlər yalnız və yalnız rəsmi erməni mənbələrinə istinadən verilib və qısa təhlilimizdə heç bir şişirdilmiş məlumat yoxdur.

Erməni mətbuatının yaydığı materiallara diqqət yetirək. Ölkənin iqtisadi durumunu analiz edən erməni ekspertlər hakimiyyətə xəbərdarlıq ismarıcı göndərərək vurğulayırlar ki, həyəcan siqnalı çalınmasının vaxtı çoxdan çatıb. "Aykakan jamanak", "Qrapark", "Joxovurd" və digər erməni qəzetlərinin manşetinə çıxarılan son iqtisadi statistika belə deməyə əsas verir ki, ölkə böyük fəlakətin astanasındadır.

Ermənistan Milli Statistika Xidmətinin açıqladığı son rəqəmlərə görə, ölkədə əhalinin alıcılıq qabiliyyəti keçən illə müqayisədə təxminən 20% aşağı düşüb. Bu rəqəm ölkənin mal dövriyyəsi, ticarət sektorunun gəlirləri və təbii olaraq vergilərə öz mənfi təsirini göstərir. Xidmətin açıqlamasına görə, ölkə əhalisinin Yeni il ərəfəsində etdiyi alış-verişin səviyyəsi 2012 və 2013-cü illərin eyni dövrü ilə müqayisədə çox aşağıdır.

Erməni ekspertlərinin fikrincə, ölkə bu neqativ iqtisadi tendensiya ilə tarixində qarşılaşmayıb. Məsələnin qorxunc tərəfi isə odur ki, ötən ilin sonu və 2014-ün əvvəlindən Ermənistana Rusiya və digər ölkələrdən transfer olunan pulun həcmində dəyişiklik yoxdur. Hər il xaricdəki ermənilərin Ermənistana göndərdiyi pulun məbləği çox təəccüblü də olsa artır. Hazırda erməni iqtisadçıları ölkəyə gələn pul kütləsini dövriyyədən yayındıran səbəbləri və "sızıntının" yerini müəyyənləşdirməyə çalışırlar.

Erməni ekspert və politoloqlarının, bu məsələni araşdırmaq üçün toxunmaq istəmədikləri ən əsas məqamı nəzərinizə çatdırmaq istəyirik. Erməni cəmiyyətini idarə edən elita və ölkənin siyasi kursunun əsl mahiyyətinə diqqət yetirsək, görərik ki,burada Qarabağ separatçılarının xuntasına qarşı tənqidi fikir söyləmək mümkün deyil. Televiziya ekranlarında boy göstərən Sərkisyan hökumətinin muzdlu ekspertləri və şərhçiləri, ancaq Ermənistanı gözləyən fəlakətləri ört-basdır etmək və ölkəni parazit kimi sarımış böhranı malalamaqla məşğuldurlar.

Əslində, Ermənistanı bu girdaba sürükləyən səbəb patoloji həddə çatmış korrupsiya və mövcud hərbi-oliqarxiya sistemini hakimiyyətdə saxlayan total terrorçu qruplar şəbəkəsidir. Hər il Ermənistan büdcəsindən yüz milyonlarla dollar vəsait Dağlıq Qarabağdakı ASALA terror düşərgələri və burada təlim keçən on minlərlə erməni terrorçusunun saxlanmasına sərf olunur. İrəvandakı hakimiyyəti müdafiə edən iri terror qruplaşmalarının komandirləri Ermənistan iqtisadiyyatında pay sahibləridir. (Sənayenin iflic olduğu bu ölkədə, iqtisadiyyat rolunu yalnız ticarət oynayır və idxal malları üzərindəki inhisar ASALA-nın komandirlər heyətinə aiddir. Digər gəlir mənbəyi isə işğal edilmiş Azərbaycan ərazilərində yetişdirilən və istehsal olunan narkotik vasitələrin satışıdır).

Ermənistanda əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinin digər səbəblərindən biri də hakimiyyət strukturlarını tutmuş mafioz şəbəkələrin idxal malları üzərindəki inhisarıdır. Son hesablamalara görə keçən il ölkədə ərzaq məhsullarının qiymətindəki artım 40%-ə yaxın olub. Bunun fonunda maaşların son 5 ildə ümumiyyətlə artırılmaması isə ermənilərin nə qədər yoxsullaşdığını, bu ölkədə vəziyyətin acınacaqlı olduğunu bir daha sübut edir. Ölkə əhalisi sürətlə yoxsullaşır, hakimiyyətin ətrafındakı terror qruplaşmalarına nəzarət edən dairələr isə milyardlar qazanır. Hakimiyyətin belə qruplar tərəfindən idarə edilməsi ölkəni qara, ölü zonaya çevirir və get-gedə Ermənistan bütün bölgə üçün təhlükə mənbəyinə dönür. Ermənistandakı mövcud sistemin hakimiyyətini müdafiə edən Rusiya isə bu bölgədən öz siyasi və hərbi məqsədləri üçün istifadə edərək, regionda sülh və təhlükəsizliyi təhdid altına alır. Çünki Qarabağ separatçılarının Ermənistanı idarə etməsi, elə Rusiyanın planıdır. Bu plana əsasən İrəvanın Moskva qarşısındakı on milyardlarla dollar borcunun əvəzində bütün ölkə iqtisadiyyatı rus şirkətlərinin nəzarəti altına keçib. Erməni hakimiyyətinə isə qalan yalnız idxal mallarının ölkəyə gətirilməsidir . Bu sektor da göründüyü kimi sıradan çıxır.

Yaranan vəziyyət isə Ermənistanda daxili siyasi vəziyyətin gərginləşəcəyi ehtimalını gücləndirir. Böhranın ağır zərbə vurduğu ticarət sektorunu nəzarətdə saxlayan hərbiləşmiş mafioz qüvvələrin

gəlirlərinin aşağı düşməsi daxili qarşıdurmalara gətirib çıxaracaq. Ermənistanın enerji, nəqliyyat, dağ-mədən yataqları və digər strateji sahələrini nəzarətdə saxlayan Rusiyanın maraqlarının erməni terrorunun potensial hədəfinə çevriləcəyi ən çox ehtimal olunan variantlardandır. Çünki bu böhrandan sonra erməni oliqarxiyası ya hakimiyyətdən getməli, ya da Rusiyanın təsirindən xilas olmaq üçün konkret addımlar atmalıdır. Əks təqdirdə Ermənistan Rusiya üçün onun subyektlərindən daha aşağı statusa malik olan bir bölgəyə çevriləcək və faktiki olaraq dünya xəritəsindən silinəcək.

Rusiyanın bir "qəyyum" kimi bu vəziyyətə münasibəti isə "Qolodomor"un cəngində, "Çastuşka" sədaları altında can verən Ermənistanın "pominkasına" hazırlaşdığı təsəvvürü yaradır.

Qafqaz Ömərov

İnterpress.az