“İştirak etdiyim proqram demokratiyanın inkişafının, insan haqlarının və azadlıqlarının qorunmasının təşviqi məqsədi güdür”
ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu ABŞ-a beş aylıq səfəri getməsinin səbəblərinə aydınlıq gətirib: “Əsası ABŞ Konqresi tərəfindən qoyulan, Federal Hökumət tərəfindən dəstəklənən və Demokratiya Naminə Fond tərəfindən himayə olunan proqram çərçivəsində Vaşinqtondayam. İştirak etdiyim proqram Azərbaycan kimi ölkələrdə demokratiyanın inkişafının, insan haqlarının və azadlıqlarının qorunmasının təşviqi məqsədi güdür. Proqramın müddəti 5 aydır.
Bu müddət ərzində ABŞ Prezidentinin Ofisində, Konqresdə, Senatda, Dövlət Departamentində, Federal Hökumətdə, Ali Məhkəmədə görüşlərdə olacam. Vaşinqtonun tanınmış beyin mərkəzlərindən və Universitetlərindən - Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində (CSİS), Yeni Amerika Fondunda (NAF), Xarici Əlaqələr Şurasında (CFR), Vudrov Vilson Mərkəzində (WWC), Beynəlxalq Sülh Naminə Karnegi Himayə Mərkəzində (CEIP), Atlantik Şurasında, Siyasi Araşdırmalar Mərkəzində, Mac Kein İnstitutunda, Marşal Fondunda, Corctaun Universitetində, Con Hopkins İnstitutunda və digər nüfuzlu beynəlxalq düşüncə mərkəzlərində təşkil olunan müzakirələrə qatılacam. Nəinki ABŞ, eləcə də qlobal səviyyədə önəmli siyası xadimlərlə və iqtisadçılarla görüşəcəm. Proqramın müddəti bitəndən sonra yenidən vətənə dönüb, siyasi və ekspert fəaliyyətimi Azərbaycanda davam etdirəcəm”.
Qeyd edək ki, Q.İbadoğlu bu səfərində ilk dəfə olaraq, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri statusu ilə müzakirələrə qoşulacağını bildirib. Və həmçinin, bu səfər proqramının şəffaflıq deyil, daha çox siyasi məsələlər üzərində qurulacağını deyib (musavat.com).