
"Onda gərək Adam Öldürmək üçün Yardım Fondu və başqa fondlar yaradıla ki..."
“Müxtəlif təşkilatlar yaradırlar, müxtəlif adlar qoyurlar. İndi də Demokratiyaya Yardım Fondu yaradıblar. Mən orada demokrat görmürəm, hamısı anarxistdirlər. Onların arasında demokrat kimdir özünü göstərsin”.
Bunu Qaynar.info-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətin Demokratiyaya Yardım Fondunu yaratmasına münasibət bildirərkən deyib. S.Novruzovun sözlərinə görə, müxalifətdə olmaq demokratiklikdən xəbər vermir: “Harada olmasından asılı olmayaraq demokratiya insanın daxilində olmalıdır. Müxalifətdə olanların bir çoxu bolşeviklərə oxşayır, nəinki demokratlara. Bu fondu yaratmaqla beynəlxalq təşkilatlardan pul qoparmağa çalışırlar. Beynəlxalq təşkilatlar da bilirlər ki, bu müxalifət demokrat deyil, heç demokratik düşüncəyə də malik deyillər”.
YAP funksioneri hesab edir ki, kimsə qanun pozuntusuna pul xərcləmək istəyirsə, onda gərək Narkomaniyaya Yardım Fondu, Adam Öldürmək üçün Yardım Fondu və başqa fondlar yaradıla ki, qanunu pozanlara yardım edilsin: “Bunların məqsədləri xaricdən pul alıb, ölkədəki ictimai-siyasi sabitliyi pozmaqdır. Aksiyada iştirak edən partiya rəhbərlərinin uşaqları cərimələndi və əşyaları siyahıya alındı deyə bu fondu yaratdılar ki, xaricdən pul ala bilsinlər”.Qeyd edək ki, Dünən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Demokratiyaya Yardım Fondu təqdim olunub. Vətəndaş cəmiyyəti nümayəndələrinin və bir qrup gəncin iştirakı ilə yaradılan fonda vəsait toplanması üçün ilk aksiyaya start verilib. Aksiya “10 qəpik” adlanır. Məqsəd bu il yanvarın 26-da Bakıda keçirilmiş etiraz mitinqinə görə məhkəməyə düşən şəxslərin cərimələrinin ödənməsinə və xaricdən yayılan “Azərbaycan saatı” televiziya proqramının maliyyə probleminin həllinə kömək etməkdir.
İlkin
Qaynar.info