Tanınmış yazar Aysel Əlizadə Ümid Partiyasının sədri İqbal Ağazadənin müavini təyin ediləcəyi barədə xəbəri təkzib edib.
Aysel Əlizadə Qaynar.info saytına açıqlamasında bildirib ki, bu yazılanlar jurnalist uydurmasıdır: "Bunu kimlər yayıb bilmirəm, amma yalan söhbətdir. Mən yazaram, media işçisiyəm. Hansısa bir partiya sədrinin müavini olmağı biabırçı bir şey kimi də baxmıram. Sadəcə bu mənə uyğun deyil. Mənim işim yazmaqdır. Belə bir məsuliyyətli və çətin bir işdə işləmək mənə görə uyğun deyil".
Aysel Əlizadə həmçinin qeyd edib ki, o, İqbal Ağazadənin və Ümid partiyasının siyasi kursunu dəstəkləyir: "Mən sadəcə bir yazar, vətəndaş kimi İqbal bəyin siyasi kursunu dəstəkləyirəm. Amma bu kursu cəmiyyətə, xalqa tanıtmaq kimi çətin bir məsuliyyəti üzərimə götürə bilmərəm".
Xatırladaq ki, Aysel Əlizadənin Ümid Partiyasında sədr müavini təyin olunacağı barədə xəbəri bu gün Aznews.az saytı yaynışdı.
Aysel Əlizadə prezident seçkilərində namizəd İqbal Ağazadənin səlahiyyətli vəkili idi.
Elkin Xəlilov
Qaynar.info