
Yaxınlarda "Neftçi"nin 2 futbolçusu - Mirabdulla Abbasov və Orxan Qurbanlının Latviyanın "Dauqava" klubunda icarə əsasında çıxış edəcəyini xəbər vermişdik. Həmin vaxt "Neftçi" tərəfi bu futbolçuların birdən-birə uzaq şimal ölkəsinə üz tutmasının incəliklərini açıqlamamışdı.
Qaynar.info artıq bu keçidin təfərrüatlarını öyrənə bilib.
Belə ki, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin Latviya ilə əlaqələri yaxşı formadadır. Məhz bu yaxınlıqdan istifadə olunaraq Orxan "Dauqava" klubuna təklif edilib. Latviya klubu da bu futbolçunu baxışa çağırıb və onu bəyənib.
2 klub arasında gedən danışıqlar əsasında "Neftçi" Mirbabdullaya da diqqət yetirməli olduqlarını "Dauqava" rəsmilərinə bildirib. Onun da oyunu izlənilib və müsbət qiymətləndirilib. Nəticədə "Dauqava" hər 2 futbolçunu gənc və perspektiv vəd edən oyunçu kimi 6 aylığa sıralarına qatıb. Ümidləri doğruldacaqları halda, onların dekabradək Latviya klubunda qalmaq ehtimalları da var.
Qeyd edək ki, "Dauqava" daha çox latviyalı futbolçulardan qurulmuş komandadır. Dauqavpils təmsilçisi yaz-payız sistemi ilə keçirilən Latviya çempionatının ilk turunun oyununa martın 13-də çıxacaq.
Qaynar.info