"Oruc tutmayanların nə qədərsə vəsait ödəməsi iddiası Qurana qarşı hörmətsizlikdir. Allahla bağlı təsəvvürümüzün səhv olduğunu göstərən yanaşmadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında ilahiyyatçı alim Elşad Miri Fuad Nurullayevin "Oruc tutmayanlar minimum 200 manat verməlidir” fikirini şərh edərkən deyib.
Elşad Miri Qafqaz Müsəlmanları İdarəsinin dini biznes halına gətirən ən böyük şirkət hesab etdiyini diqqətə çatdırıb:
"Sadəcə olaraq ianə adı altında vergi ödəmirlər. Halbuki təkcə həcc və umrə biznesindən milyonlarla dövriyyələri olduğu bilinən məsələdir. Nəzir adı altında yığılanlardan isə xəbərimiz yoxdur. Bu qurumun hansısa sədr müavininin açıqlaması da mövcud ənənəvi din anlayışına uyğundur, amma Qurana ziddir. Birincisi, Quranın heç bir ayəsində qadınların reql dövründə oruc tutmamaları, namaz qılmamaları barədə hansısa məhdudiyyət, qadağa yoxdur. Bunlar hələ də dinə patriarxal yanaşan dar düşüncənin məhsullarıdır.
İkincisi, Quranda oruc tutmayanın hansısa məbləğ ödəməsiylə əlaqəli ayə yoxdur. Bunu mövcud Quran tərcümələrindəki səhvdən çxardıqları nəticədir. Quranın 6236 ayəsindən cəmi-cümlətanı 5 ayə (Bəqərə 183-187) Ramazan orucuyla əlaqəli olduğu halda bu insanlar özlərindən müxtəlif hökmlər, fətvalar çıxarırlar. Quranın 2-ci surəsi olan "Bəqərə” surəsinin 184-cü ayəsinin cümlələrindən birinə belə məna veriblər: "Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Halbuki ayənin əslinə baxanda orada "taqəti olmayanlar”dan deyil, əksinə taqəti olanlardan bəhs edir. Yəni oruca taqəti olanların bir miskini doyuracaq qədər fidyə vermələri buyurulur. Allah səfərdə olanlara və xəstə olanlara oruc tutmamalarını tələb etmir, əksinə oruc tutmamağa icazə verir. Amma ayədə oruc tutmağın daha yaxşı olduğu vurğulanır”.
Elşad Miri qeyd edib ki, Ramazan ayında oruc tutmağa gücü çatmayanların tuta bilmədikləri günlərin əvəzində nə isə vermələrinə ehtiyac yoxdur:
"Təəssüflər olsun ki, Quranın əslində "Oruca gücü çatanlar” ifadəsini tərcümələrdə "gücü çatmayanlar” kimi tərcümə ediblər. Bu isə Qurana zidd mənalandırmadır. Fidyə isə Ramazan orucunu tutana, xəstə olduğuna və ya səfərdə ikən tutmadığına görə sonra tutana fidyə (fitrə) verməyi zəruri edir. Həmin qurum və onların din xadimləri isə ayəyə zidd gedərək bu cür yanlış yol tutaraq indi də xüsusi məbləğ deyir və yəqin ki, bunun hara veriləcəyini də özləri çox gözəl bilirlər”.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev mətbuata açıqlamasında bildirib ki, oruc tutmayanlar minimum 200 manat verməlidir:
"Xəstə insanlar, hansı ki onlar həkimlərin tövsiyəsi ilə gün ərzində mütləq qidalanmalı və ya dərman qəbul etməlidirlər, onlar bu ayda oruc tutmaya bilərlər. Eyni zamanda, ac qalmağı məsləhət görülməyən yaşlı insanlar, hamilə qadınlar, vacib olduğu halda səfərə çıxan şəxslər oruc tutmamalıdır. Həmin şəxslər oruc tutmadıqları üçün əgər imkanları varsa, fidyə verirlər. Fidyə o deməkdir ki, oruc tutmayan şəxs hər gün üçün ya ərzaq, ya da pul şəklində bir ac insanın qarnını doyurmalıdır. Əgər 1 ay oruc tutmayıbsa, bunun əvəzində minimum 150-200 manat məbləğində fidyə verə bilər. İmkanı olmayan və oruc tuta bilməyən şəxslər isə tövbə edir, Allahdan günahlarının bağışlanmasını istəyir”.
Onun bu fikiri cəmiyyətdə birmənalı qarşılanmayıb.
Bahar Rüstəmli
Şərhlər