Xəbər lenti

Ramin Hacılı Ermənistan səfərindən nə danışdı?
Siyasət13:09 21.10.2013

Ramin Hacılı Ermənistan səfərindən nə danışdı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hərəkat rəhbəri İrəvanda gördüklərini və ermənilərin münaqişə barədə düşüncələrini “Yeni Müsavat”la bölüşüb, ona Ramil Səfərov haqda suallar verilib.

Azərbaycan Avropa Hərəkatının Prezidenti Ramin Hacılı və hərəkatın Sülh Quruculuğu üzrə eksperti Həmidə Qiyasbəylinin Ermənistana səfəri başa çatıb. Hər iki ictimai fəal Ermənistanın paytaxtı, qədim Azərbaycan şəhəri İrəvandan Bakıya qayıdıblar.

İrəvanda səfər çərçivəsində oktyabrın 19-da mətbuat konfransı keçirib erməni işğalından danışan R.Hacılı ümumi təəssüratlarını “Yeni Müsavat”la bölüşdü.

R.Hacılı əvvəlcə İrəvanda gördüklərindən söz açıb: “Ermənistan əhalisinin yaşayış ilə yaxıdan tanış ola bilmədik. Bizə dövlət tərəfindən mühafizə ayrılmışdı. Onlar imkan vermirdilər ki, sıravi ermənilərlər yaxından ünsiyyət quraq, söhbət edək. Həmçinin, bizi İrəvanın çox yerlərinə aparmadılar, yalnız şəhərin mərkəzini görə bildik.

Ümumi olaraq deyim ki, ermənilər təsviri yaradıcılığa, art mədəniyyətə aid elementlərə çox üstünlük verirlər. Bundan başqa, yaşıllığa münasibət xoşuma gəldi. İrəvanda Bakıdan fərqli olaraq yaşıllıq daha çoxdur, hər yerdə yaşıllıq olduğuna görə havası təmizdir. Amma kasıb bir yerdir. Bununla belə təmizliyi qoruyub saxlayıblar. Bu, gördüyümüz vizual bir mənzərədir”.

R.Hacılının sözlərinə görə, Ermənistanda hər hansı  insident və ya neqativ münasibətlə qarşılaşmayıblar: “Küçədə olan insanlar biləndə ki, azərbaycanlıyıq təəccüblənirdilər, bizə diqqətlə baxırdılar. Bizi görmək  onlar üçün maraqlı idi. Amma bizə qarşı o qədər aqressiv münasibət görmədik. Çünki müharibədə az itki vermiş, özünü qalib gəlmiş tərəf sayırlar. Mətbuat konfransında isə çıxışım erməni jurnalistlərin xoşuna gəlmədi”.

Erməni jurnalistlər Ramil Səfərovla da bağlı suallar veriblər: “Onlar ciddi arqument ortaya qoya bilmədilər. Dedim ki, Ramil Səfərov öz cəzasını çəkib, 8 il həbsdə olub. İndi onun bundan sonra Azərbaycanda ya həbsdə qalması heç nəyi dəyişmir. İrəliyə baxmaq, münaqişənin sülhlə həllinə nail olmaq lazımdır.

Bütövlükdə Ermənistanda bir fikir aşılanıb - Dağlıq Qarabağ müstəqil olmalıdır. Onlara təlqin edilib ki, azərbaycanlılar erməniləri qırıblar. Odur ki, azərbaycanlılarla birgə yaşamaq mümkün deyil. İllərlə bu fikir təbliğ olunub. Ermənilərin də qənaəti ondan ibarətdir ki, işğal olunmuş digər rayonlar qaytarıla bilər. Bir şərtlə Dağlıq Qarabağa müstəqillik verilsin”.

Hərəkat rəhbəri hesab edir ki, bu cür tədbirlərin təşkili münaqişənin sülh yolu ilə həlli üçün faydalıdır: “Bu ideya iki ilə əvvəl yaranmışdı. Əvvəlcə Tiflisdə konfrans təşkil olundu. Bu dəfə İrəvana toplaşdıq. Beynəlxalq Avropa Hərəkatı, Ermənistan Avropa Hərəkatı münaqişənin sülhlə həllində maraqlıdır.

Əgər həqiqətə söykənməsək, ədalət olmayacaq. Biz ermənilərə təklif etdik ki, məsələyə ədalətli yanaşsınlar.

Eyni zamanda erməni parlament üzvləri ilə görüşdük. Erməni tərəfi Rusiya Gömrük İttifaqını seçmiş olsa da, Avrointeqrasiya üçün səylər göstərir. Biz orada yekunda bəyanatla çıxış etdik. Müzakirələrin davamlı aparılması üçün martda belə bir konfransın Azərbaycanda təşkil olunmasına razılaşdıq. Azərbaycan hökumətinə konfransın təşkili, Bakıya gələcək ermənilərin təhlükəsizliyinin təmin olunması üçün müraciət edəcəyik”.

Qaynar.info