Xəbər lenti

Rəsmi Bakının çaşdırıcı gedişləri - ANALİZ
Siyasət06:32 05.05.2014

Rəsmi Bakının çaşdırıcı gedişləri - ANALİZ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qafqaz Ömərov

“Ukrayna böhranı“ və dünyanın müharibə xəritəsində Azərbaycanın yeri

Ukraynada qızışan müharibənin Qafqaz regionuna mümkün təsirləri və Moskvanın xarici siyasətində baş verə biləcək dəyişikliklər:

Ukraynanın şərqində getdikcə qızışan müharibə siyasətçilərin ziddiyyətli bəyanatları və dünya liderlərinin gözlənilməz qərarları ilə müşahidə olunmaqdadır. Dünya KİV-lərinin diqqət mərkəzində olan hadisələr bu gün Ukrayna ordusunun Slavyansk separatçılarından təmizləmək üçün başladığı hərbi əməliyyatdan sonra yeni fazaya keçib. Məlumatalara görə, şəhər uğurunda qanlı döyüşlər davam edir. Slavyansk üzərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki helikopterin vurulduğu bildirilir. Kremldə təcili toplantı keçirilir və Kiyev səfərbərliyə başlayır. İkinci dünya müharibəsindən sonra ağır savaş görməyən Avropa artıq yeni müharibənin astanasındadır. Qitənin göbəyində yaranmış müharibə ocağı getdikcə genişlənməkdədir.

Ukrayna böhranı və MDB

Ukrayna məsələsində qətiyyətli olduğunu nümayiş etdirməyə çalışan Rusiya bir tərəfdən də ətrafındakı təhlükəsizlik zolağını genişləndirmək üçün keçmiş Sovet respublikalarına hədə-qorxu gəlməyi də yaddan çıxartmır. Artıq Kremlin hədələri keçmiş ittifaqın bəzi üzvlərinin siyasi elitası arasında çatlar yaradıb. Gizli müxalifət öz simasını yavaş-yavaş göstərməkdədir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Gömrük Birliyi məsələsində nə qədər özünü "naza çəksə" də sonda onun bu addımı Rusiyadan daha çox imtiyazlar əldə etmək üçün atdığı bəlli oldu. Mövqeyini müəyyənləşdirən Qazaxıstan prezidenti ölkənin qərbmeylli inkişafını istəyən daxili müxalifəti sakitcə neytrallaşdırdı. 

Qırğızıstan və Tacikistanın mövqeyi bəllidir. Özbəkistan isə hələ də nə istədiyini müəyyənləşdirməyib. Qafqazda gedən proseslər isə Orta Asiyadan tam fərqlidir. Gürcüstanın qərbyönümlü orientasiyası hamıya bəlli olduğundan Tiflisin siyasi mövqeyindən danışmağa lüzum görmədik. Əsas məsələ isə Azərbaycan idi. Həm düşmən Ermənistan, həm Avropa, həm də Rusiyanın siyasi dairələrinin səbrsizliklə gözlədikləri Bakının Ukrayna məsələsindəki mövqeyi bəlli olduqdan sonra, regionda əsən "siyasi küləklərin" istiqaməti dəyişdi. Rusiyalı politoloqların püskürdüyü qəzəb və ermənilərin küçə köpəyi kimi yaltaqvari zingiltilərlə Kremlə "sədaqət" jestləri nümayiş etdirməsi Putinin sakitliyini pozmadı. Amma Kreml rəsmiləri Bakının beynəlxalq tribunalardan Moskvanın əleyhinə səs verməsinə rəğmən sakitliklərini davam etdirmələri hələ də Azərbaycanla Rusiya arasında müəyyənləşdirilməmiş məsələlərin olmasından xəbər verir. Ümumilikdə, regional siyasi proseslərin gedişində bir qeyri-müəyyənlik müşahidə olunmaqdadır.

Bakının çaşdırıcı gedişləri

Bir tərəfdən Avropa və ABŞ ilə əlaqələrinin genişlənməsinə çalışan və Qərbə inteqrasiya yolunda qərarlılığını elan edən Azərbaycan, digər tərəfdən nəhəng şimal qonşusu ilə də münasibətlərini tənzimləyə bilir. Geosiyasi vəziyyətin kəskinləşdiyi bütün məqamlarda müxalif təbəqənin uşaq sadəlövhlüyü ilə "inqilabın Azərbaycana da sıçrayacağı" ümidləri geosiyasi müstəvidə çarpışan nəhənglərə qarşı hakimiyyətin verdiyi bəyanatlardan sonra həmişə puça çıxır. İctimai şüurda isə heç bir fikir oturuşa bilmir. Çoxgedişli siyasi oyun qaydalarından böyük məharətlə istifadə edən Azərbaycan rəhbərliyi bəşəriyyəti Üçüncü dünya müharibəsi təhlükəsi qarşısında qoyan Ukrayna böranı zamanı da oyununu uğurla davam etdirməkdədir. BMT və ATƏT-də Rusiyanın əleyhinə səs vermək qərarı qəbul edən Bakı, digər tərəfdən də Qərbin tənqidlərinə adekvat cavab verərək ABŞ və Avropanın regional siyasətini sərt tənqid atəşinə tutur. Hadisələr haqqında oxucularımızda düzgün təsəvvür formalaşdırmaq üçün iki məqamı diqqətinizə çatdırmaq istəyirik:

1) Azərbaycanın geosiyasi qarşıdurmada ABŞ-ın tərəfini tutaraq Rusiyanın əleyhinə səs verməsi Bakını beynəlxalq təşkilatların qəzəbindən xilas etmədi. "Freedom House" təşkilatının növbəti hesabatı həmişə olduğu kimi bu dəfə də Azərbaycan hakimiyyətinə şok təsiri bağışladı. Təşkilatın hesabatına görə ölkədə söz və vicdan azadlığı sahəsində vəziyyət çox acınacaqlıdır. 84 balla Azərbaycan yenə "Freedom House"un "qaqra siyahısına" düşdü. Hökumətin cavabı gecikmədi. Bu, Azərbaycana qarşı ədalətsizlik kimi qiymətləndirildi.

2) Bakının növbəti reaksiyası ABŞ-a verilən digər notada öz əksini tapdı. Azərbaycan prezidentinin Dağlıq Qarabağ problemi üzrə səlahiyyətli nümayəndəsi Araz Əzimov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin erməni lobbisi ilə yaxınlığını vurğulayıb. Daha sonra Araz Əzimov bütün bunların rəsmi Bakıya Uorliklə işləməmək üçün ciddi əsaslar verdiyini bildirib. "Bakı Uorlikin dərhal fəaliyyətinin dayandırılmasını tələb edir. Çünki o, öz hərəkətləri ilə bizə başqa yol buraxmır" .

Toxunduğumuz bu iki məqam ABŞ-Azərbaycan münasibətləri baxımından çox ciddi məsələlərdir. Hətta belə demək mümkünsə Vaşinqtonla Bakı arasında dərin uçurumlar yarada biləcək bir məsələdir. Hələlik Ağ Ev bu məsələyə münasibət bildirməyib.

Qlobal savaş və enerji amili

Artıq NATO-nun Rusiyanı rəsmən hədəf göstərdiyi bir dövrə çatmışıq. Rusiya ciddi müqavimət göstərir, hərbi gücünü nümayiş etdirir və hələ də supergüc olduğunu dünyaya göstərmək istəyir. Mətbuatda Rusiyanın Azərbaycana qarşı da gələcəkdə güc tətbiq etmək ehtimalları haqda tez-tez materiallar dərc olunur. şəRhçilər bunu müxtəlif formada dəyərləndirsələr də, cavabı birdir. Bütün iri regional iqtisadi layihələrin əsas iştirakçısı olan Azərbaycan dövləti, Gürcüstan və hətta Ukrayna səviyyəsində deyil ki, ərazisinə bomba yağdırılsın və sərhədləri kobudcasına pozularaq işğala məruz qalsın. Azərbaycan artıq keçmiş SSRİ respublikası miqyasından çıxaraq güclü Avropa dövlətinə çevrilir. Artıq Azərbaycan Qərbə və Rusiyaya müttəfiq kimi lazımdır, onlar Azərbaycana yox. 

Avropa Rusiya ilə mübarizədə Azərbaycana xilaskar, Rusiya isə Qərblə mübarizədə Azərbaycana qələbəsini təmin edə biləcək bir müttəfiq kimi baxır. Çünki Rusiyanın qaz kartını vurmaq iqtidarında olan Azərbaycan bu qlobal savaşın tərəzisinə çevrilib. Azərbaycanın qarışması və ya zərər görməsi ümumilikdə regiondakı qüvvələr nisbətini poza bilər və dünyada növbəti qlobal iqtisadi-siyasi kataklizmə yol aça bilər. Deməli, Azərbaycanı destabilləşdirmək birinci növbədə Rusiyanın ziyanınadır. Çünki Azərbaycan qarışarsa Rusiya Şimali Qafqazda növbəti müharibəni qazana bilər. Şimali Qafqazın qarışması isə Rusiyanın bütövlükdə qarışması deməkdir. Ukraynada müharibə apardığı bir şəraitdə Qafqazda vəziyyətin pozulması Moskvanı çətin vəziyyətə sala bilər. Digər tərəfdən rus qazından asılılığı aradan qaldırmaq üçün Azərbaycanın enerji ehtiyatlarına ehtiyacı olan Avropaya bu regionun destabilləşməsi ümumiyyətlə sərf etmir.

P.S. Son günlər Azərbaycanda rus pasportlarının və "Georgi lentlərinin" paylanması daxili siyasi gündəmə az da olsa təsir göstərib. Mətbuatda əsas müzakirə mövzularından biri budur. Hətta Rusiyanın silah gücünə də olsa keçmiş İttifaqı bərpa edəcəyinə sadəlövhlüklə inananlar var. Onu qeyd etmək istərdik ki, Rusiya Ukraynada atdığı addımın bədəlini getdikcə ödəməkdədir. Krım böhranının başlamasından indiyədək 100 milyard dollar pul itirən Rusiya iqtisadiyyatı, artıq "stabilləşdirmə fondunda" yığılan vəsaiti tam olaraq xərcləyib. Qərbin yeni sanksiyalarının təsiri və Ukraynada qızışan müharibənin xərclərinin artması ilə Moskva çox ciddi maliyyə böhranı və milli vayutasının devalvasiyası ilə üzləşəcək. Bu, daxili istehlak mallarının qiymətinin kəskin qalxmasına, əhalinin gəlirlərinin azalmasına və cəmiyyətin ağır psixoloji depressiyaya düşməsinə gətirib çıxaracaq. Bir sözlə, hadisələrin hazırkı gedişi nəhəng Sovet imperiyasının çöküşü dövrünü xatırladır. Qərb isə Rusiyanı çökdürməkdə tam qərarlıdır. Artıq nə irəli addım atmağa, nə də geriyə çəkilməyə imkan yoxdur. Bu gün baş verənlər ya dünyamızın sonunu gətirəcək, yə da düzəni kökündən dəyişəcək...