Xəbər lenti

Ronaldo ilə Corcina Rodrigesin toyunun keçiriləcəyi tarix və məkan açıqlandı
Maqazin 09:53 03.08.2026

Ronaldo ilə Corcina Rodrigesin toyunun keçiriləcəyi tarix və məkan açıqlandı

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun yaxın günlərdə uzun illərdir birlikdə olduğu Corcina Rodrigeslə evlənəcəyi iddia olunur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, 41 yaşlı Ronaldo və 32 yaşlı Corcina nikah mərasimini futbolçunun doğulub boya-başa çatdığı Madeyra adasının Funşal şəhərində yerləşən kafedralda keçirəcəklər. Mərasimdən sonra qonaqlar beşulduzlu "Savoy Palace" hotelində təşkil olunacaq ziyafətə qatılacaqlar.

Bundan əvvəl cütlüyün ötən həftəsonu "Sintra" şəhərindəki "Quinta da Regaleira" malikanəsində evlənəcəyi barədə xəbərlər yayılmışdı. Lakin kafedralın həmin gün ziyarətçilər üçün açıq olması bu məlumatların doğruluğunu şübhə altına almışdı.

"The Sun" nəşri isə Ronaldonun məhz Funşal kafedralında evlənəcəyini bildirib. Məlumata görə, toy mərasimi saat 15:00-da başlayacaq, daha sonra qonaqlar dörd restoranı olan "Savoy Palace" hotelinə yollanacaqlar.

Mənbələrdən birinin sözlərinə görə, hotel qonaqlarına cümə və şənbə günləri iki mərtəbənin, eləcə də bir neçə barın toy tədbiri səbəbindən bağlı olacağı barədə məlumat verilib.

Funşal Kriştiano Ronaldonun doğulduğu şəhərdir. Burada onun şərəfinə bürünc heykəl ucaldılıb, həmçinin futbolçunun adını daşıyan hotel fəaliyyət göstərir.

Nəşr qeyd edir ki, sərvəti 1,2–1,4 milyard ABŞ dolları arasında qiymətləndirilən Ronaldonun toy üçün məhz doğma şəhərini seçməsi onun uşaqlıq xatirələri ilə bağlıdır. Futbolçu kasıb ailədə böyüyüb və uşaqlıq illərində bacı-qardaşları ilə eyni otaqda yaşayıb.

Ronaldo 11 yaşında ailəsini tərk edərək "Sportinq" (Lissabon) klubunun akademiyasına qoşulub.

Məqalədə bildirilir ki, cütlük Portuqaliyaya gəldikdən sonra hər ikisi iri brilyant üzüklərini nümayiş etdirib. Corcina iyulun 31-də sosial şəbəkədə paylaşdığı fotolarda brilyant nişan üzüyünü göstərib. O, həmçinin Ronaldo və futbolçunun 16 yaşlı oğlu ilə ailə fotosunu da paylaşıb.

Ronaldo daha əvvəl jurnalist Pirs Morqana müsahibəsində bildirib ki, bu il keçirilən dünya çempionatından sonra Corcina ilə evlənməyi planlaşdırır.

"Çempionluq kuboku ilə toyuma gələcəyimə ümid edirdim. Mən onunla evlənəcəyəm, çünki bunun doğru vaxtı çatdığını düşünürəm. Təkcə uşaqlarımın anası olduğu üçün deyil, onu hər şeydən çox sevdiyim üçün", deyə futbolçu bildirib.

Cütlüyün Alana və Bella adlı iki qızı var. Bundan əlavə, Ronaldo surroqat ana vasitəsilə dünyaya gəlmiş Eva Mariya və Mateo adlı əkiz uşaqların da atasıdır. Bellanın Anxel adlı əkiz qardaşı doğulduqdan qısa müddət sonra vəfat edib. Futbolçunun əvvəlki münasibətindən Kriştiano Junior adlı daha bir oğlu da var.

Corcina Rodriges Kriştiano Ronaldo ilə 2016-cı ildə Madriddə "Gucci" mağazasında satıcı işlədiyi vaxt tanış olub.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->