Xəbər lenti

Rusiya əslində Baydenin dediyi tarixdə hücuma keçib... (ŞƏRH)
Siyasət11:32 19.02.2022

Rusiya əslində Baydenin dediyi tarixdə hücuma keçib... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna ətrafında gərginlik pik həddə çatmaq üzrədir. Son günlər Donbas separatçıları Kiyevin onların ərazisini intensiv şəkildə atəşə tutduğu barədə məlumatlar yayırlar. İddia edirlər ki, Ukrayna ordusu müdafiəni yarmağa hazırlaşır və bu məqsədlə də Donetsk və Luqansk şəhərlərini daim atəş altında saxlayırlar. Bu müstəvidə Rusiya televiziyaları da Donbasda vəziyyətin gərginləşdiyini iddia edən və separatçıların maraqlarına cavab verən süjelər yayırlar. Rəsmi Kiyev isə bu məlumatların həqiqəti əks etdirmədiyini və atəşkəsin separatçılar tərəfindən pozulduğunu bildirir.
Qeyd edək ki, Donbas ətrafında vəziyyətin gərginləşəcəyi gözlənilən idi. Bunun da əsasını Rusiya Dövlət Duması qoyub. Belə ki, bir neçə gün öncə Duma qondarma DXR və LXR-ın tanınması üçün Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Aydın məsələdir ki, məhz Dövlət Dumasının belə bir addım atması qondarma rejimlərin təxribata əl atmasına əsas verib. DXR və LXR-ın separatçı rəhbərləri guya Kiyevin hücuma keçməyə hazırlaşdığı versiyasını gündəmə gətirmək üçün indidən Donetsk və Luqanskdan mülki əhalinin Rusiyanın Rostov şəhərinə köçürülməsinə də başlayıb. İddialara görə, artıq 25 min sakin, əsasən də qocalar, qadın və uşaqlar evakuasiya olunub. Maraqlıdır ki, onların yerləşməsi üçün Rostovda əvvəlcədən yerlər də hazırlanıb. Bunu Rusiya televiziya kanallarının reportajlarından da aydın şəkildə görmək olar. 
Bu yaxınlarda ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya fevralın 16-da hücum edəcəyini bildirmişdi. Həmin gün deyilən hadisə baş vermədi. Amma bununla belə, Dövlət Dumasının məlum qərarı və onun ardınca qondarma rejimlərin təxribat xarakterli əməllərə start vermələri yaxınlarda Rusiyanın Donbasın rus əhalisini müdafiə bəhnəsilə Ukrayna cəbhəsində hərbi əməliyyatlara başlayacağını söyləməyə əsas verir. 
Bunun üçün də Moskva əsas axtarır. Ona görə də DXR və LXR separatçılarını regionda vəziyyəti gərginləşdirməyə, təxribatlara əl atmağa yönləndiriblər. 
Bir sözlə, son gün ərzində separatçı qurumlar daxilində süni şəkildə yaradılan gərginlik, anoloji addımların əvvəlcədən Moskvada planlaşdırıldığından xəbər verir. 
Rüfət Sultan