Dünya 10:42 27.09.2022

Rusiya Qarabağ məsələsinin həllinin açarını itirib - Ter-Petrosyan

Qarabağ probleminin nizamlanmasının açarı bir vaxtlar Rusiyanın əlində idi, indi isə onu itirib. 
 
Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

"Rusiyanın timsalında Ukrayna hadisələri olmasaydı, hər şey qat-qat konstruktiv olardı. Vaxtilə Qarabağ məsələsinin həllinin açarı Rusiya Federasiyasının əlində idi, amma indi Moskvanın vəziyyəti o qədər çətindir ki, o, bu açarı itirib”, deyə Ter-Petrosyan qeyd edib.

Onun sözlərinə görə, dünyada mövcud vəziyyət Karib böhranından da pisdir.

Ermənistanın birinci prezidenti Rusiya, ABŞ və Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllində imkanlarını müqayisə edərək, Ukraynadakı vəziyyətə görə Moskvanın potensialının zəiflədiyini vurğulayıb.

Sabiq dövlət başçısının nöqteyi-nəzərindən ABŞ və Aİ elə edə bilər ki, Ermənistan tərəfinin vəziyyəti daha da pisləşməsin. Amma hər şey Vaşinqton və Brüsselin Ukrayna məsələsində nə dərəcədə ciddi iştirak etməsindən asılıdır.

Ter-Petrosyan onu da əlavə edib ki, hazırda İrəvanın Dağlıq Qarabağ işlərində iştirakı humanitar yardımın göstərilməsi və iqtisadiyyatın bərpası ilə məhdudlaşır.
"Ermənistan artıq Qarabağ məsələsində ciddi rol oynamır, onun səsvermə hüququ yoxdur”, deyə Ermənistanın keçmiş prezidenti bildirib.
 
Alpər