Hüseynbala Səlimov
Qədim yunan filosofu Heraklit deyərdi ki, hər şey axır, hər şey dəyişir. Amma baxıb görürsən ki, düzdür, hər şey axır, fəqət, heç nə dəyişmir və dünya elə həmin dünyadır, lap bir filmdə deyildiyi kimi: başdan papaq alıb qaçan dünyadır...
Ötən il SSRİ-nin dağılmasının 100 ili tamam oldu. Amma biz hələ də "Birdən Rusiya acıqlanar”, "Birdən Rusiya qəzəblənər” deyib durmuşuq.
Bəli, 200 il çar Rusiyasının tərkibində olduq. Arada belə təsəvvür yarandı ki, daha Rusiya ilə qurtarmışıq. Amma bu, cəmi iki il çəkdi, sonra bolşeviklər gəldi və onlar da yetmiş il dövran sürdülər. Bir gün, daha doğrusu, otuz il bundan əvvəl bolşeviklərin də dövranı bitdi, amma otuz il bundan əvvəl başımıza daha bir qəziyyə də gəldi, MDB-nin dövranı başladı və bu, indiyə qədər davam edir. Üstəgəl, bu illər boş da keçmədi, MDB-nin yeni-yeni qurumları yarandı ki, bizi də onların üzvü olmaq üçün buradan-ora, oradan-bura qovurlar...
Nə gizlədək, bu sətirlərin müəllifi demokratiya tərəfdarı, qatı avropaçıdır. Bəli, biz ümidliydik və gözləyirdik ki, ötən il nəhayət ki, Avropa İttifaqı ilə saziş imzalanacaq. Amma təəssüf! Olmadı, belə məlum oldu ki, gələcək sazişin hələ doxsan faizi razılaşdırılb, hələ vaxt lazımdır ki, onun on faiz də razılaşdırılsın...
Kim buna inanar? Əlbəttə ki, heç kim! Ona görə ki, əvvəllər dəfələrlə deyilmişdi ki, saziş tamam razılaşdırılıb. Bəs onun bu qədər yubadılmasının səbəbi nədir? Hamı Rusiyanı göstərir. Fəqət doğrudanmı belədir? Əlbəttə ki, Rusiyanın burada rolu var. Amma o, əsas deyil və əsas odur ki, bizim hakimiyyətimizin də maraqları imkan vermir ki, biz Aİ ilə saziş imzalayaq. Ona görə ki, onda Azərbaycan dönüb tamam başqa Azərbaycan olar ki, bunu bizim özümüzünkülər də istəmir. Desəm ki, tək Rusiya, tək hakimiyyətimiz yox, elə sadə azərbaycanlıların çoxu da bunu arzulamır, güman ki, bu, daha düzgün olar, çünki baxıb görürəm ki, bu mövzuda bəndənizdən savayı heç kim yazmır...
Bilirsiniz, əvvəl maraq vardı, demokratiya arzulayanlar, Avropaya inteqrasiya etməyi istəyənlər çox idi. Amma sonradan insanlarımız bunun da dolayı yollarını tapdılar. Bəli, demokratiya istəyirsənsə, heç də vacib deyil ki, o, Azərbaycanda olsun, yox, bunun üçün "müxalifət” partiyalarına beş-on min manat ödəyib onların vəsiqəsini almaq və xarici ölkələrdən birində sığınacaq almaq da olar. Eləcə Avropaya inteqrasiya məsələsi! Bundan asan axı nə var ki? Ölkədən oğurlayıb və yaxud da Rusiyada pul qazanıb çocuqlarını Avropaya oxumağa göndərə bilərsən və lazım gələrsə, özün də ilin bir neçə ayını bu cənnətdə keçirərsən...
Qərəz, hər şeydən "çıxış yolu” var. Hərdən bəndənizə elə gəlir ki, insanlarımız çoxdan buraları hakimiyyətimizə və bir də ki, Rusiyaya bağışlayıblar və burada pozitiv nə baş verirsə (elə neqativ!) hakimiyyətin səyləri nəticəsində baş verir. Cəmiyyət təşəbbüs hissini itirib və təşəbbüs yalnız hakimiyyətdən gəlir və cəmiyyət də yalnız bu proseslərdə bir vint kimi iştirak edir.
Fəqət bu model də bir gün "yerində saymağa” başlayacaq, çünki cəmiyyət güclü və səfərbər olmalıdır, xüsusən də təşəbbüskar olmalıdır ki, daim ayaq üstə qala bilsin. Əks təqdirdə Kreml siyasətinin dalanlarında itib–batacağıq. Hakimiyyətlər insan haqlarını qoruyan ən yaxşı institutlar olmadığı kimi, suverenliyin də ən yaxşı təminatçıları deyillər, çünki onların müqavimət və ya şücaət qabiliyyəti sonsuz deyil, hakimiyyətlər də o vaxt güclü olurlar ki, arxalarında güclü cəmiyyət hiss edirlər...