Xəbər lenti

Rusiya sülh sammitinə qoşulmaqdan niyə imtina edir? (ŞƏRH)
Dünya 17:00 23.09.2024

Rusiya sülh sammitinə qoşulmaqdan niyə imtina edir? (ŞƏRH)

"Tədbirdə iştirak imic baxımından Rusiyanın alçaldılması anlamına gələcək, ona görə də Kreml bəri başdan qatılmayacağını bəyan edir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Ukrayna prezidenti Volodimir Zelenskinin keçirmək istədiyi dünya sülh sammitində ölkəsinin iştirak etməyəcəyi ilə bağlı verdiyi bəyanatı şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın əlində seçim var və ona əsasən də istədiyi addımı atır. Ukraynada vəziyyətə həsr edilən və İsveçrədə keçirilən birinci toplantıda Rusiya kəskin tənqid və ittiham edildi:
 


"Həmin tədbirdə iştirak edən dövlətlərin mütləq əksəriyyəti sonda Ukraynanı müdafiə edən qərar verdi. İndi ikinci belə bir görüş təşkil etmək istəyirlər. Bu görüşə birincidən fərqli olaraq Rusiyanı da dəvət ediblər. Rusiya aydın məsələdir ki, tədbirdə iştirak etməklə öz ünvanına haqsız olduğunu, beynəlxalq hüququ pozduğunu, vəhşiliklərə yol verdiyini eşidəcək. Yəni tədbirdə iştirak imic baxımından Rusiyanın alçaldılması anlamına gələcək. Bu isə Moskvaya lazım deyil, ona görə də tədbirə qatılmayacaqlarını bəyan edirlər".

Həmsöhbətimiz deyib ki, bu kimi sammitlər və orada Rusiyanın iştirak edib-etməməsi ümumiyyətlə heç nəyi dəyişməyəcək: 

"Hər şeyi yalnız Qərbin Ukaynaya köməyi dəyişə bilər. Lakin Qərb də ciddi şəkildə kömək etməkdən yayınır".

Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin dünya sammiti keçirməklə bağlı təşəbbüsünə toxunarkən Moskvanın həmin sammitdə iştirak etməyəcəyini bəyan edib. Zaxarova deyib ki, Zelenskinin dedikləri istəyi həqiqət kimi yozmaq cəhdidir:

"Rusiya nümayəndələri heç zaman "Bürgenstock prosesi" çərçivəsində iştirak etməyib və bundan sonra da iştirak etmək fikrində deyil. Bu prosesin özünün nizamlanma ilə heç bir əlaqəsi yoxdur".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->