Dünya 17:44 13.07.2022

Rusiya Tokayevi devirə biləcəkmi? - Politoloq

Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə çatdırılan neftin Novorossiyski limanından daşınması dayandırılıb. Bu kəmər vasitəsilə Qazaxıstan neftinin 2/3-si daşınır. 

Rusiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Avropa İttifaqına karbohidrogen ehtiyatlarının ixracını artırmaq istəyinə bu cür cavab verib. Buna cavab olaraq Tokayev Rusiyadan yan keçməklə karbohidrogen ehtiyatlarının daşınması barədə siyasi qərar qəbul edib. Təbii ehtiyatların Azərbaycan vasitəsilə, Bakı-Tiflis-Ceyhan boru kəmərilə ilə daşınması nəzərdə tutulub. Moskva isə buna cavab olaraq Qazaxıstanın şimalında əsasən rusdillilərin yaşadığı 3 vilayətdə separatizmi gücləndirmək kursu götürüb. Həmçinin, Kremldə Qazaxıstanın Rusiyadan iqtisadi asılılığının olmasını əsas götürürlər. Lakin Kremlin bu niyyəti də alınmayıb. RusEnergy şirkətinin partnyoru Mixail Krutixin bildirib ki, Rusiyanın qazax neftinin ixracını blok etməsinə Qazaxıstan real olaraq cavab vermək gücündədir. Nur-Sultan Rusiyanın Omsk-Pavlodar-Çin sərhədi üzrə neft boru kəmərini bağlamaqla, Çinə öz neftini göndərə bilər. Digər tərəfdən, Qazaxıstan qazı olmadan Orenburqdakı qaz emalı zavodu fəaliyyətini dayandıra bilər. Rusiyalı analitik Anatoli Nesmiyan bildirir ki, belə vəziyyətdə qonşusu ilə münasibətləri korlaması və onunla konfliktə girməsi Rusiya üçün sərfedici deyil. 

Tokayev bu istiqamətdə qərarlar verərkən heç şübhəsiz Rusiyanın hərbi və siyasi mövqeyinin zəifləməsi amilini nəzərə alır. Ukraynada ilişən Rusiya eyni anda şərqdə də hərbi münaqişəyə girmək gücündə deyil. 

Həmçinin, Qazaxıstanda vəziyyətin gərginləşməsindən islam fundamentalistləri istifadə edə bilər. Belədə şərq sərhədləri boyunca xaosun hökm sürməsi öz təsirini Rusiyaya da göstərə və daxildə terrorçuların aktivləşməsinə gətirib çıxara bilər. Mövcud vəziyyət belə düşünməyə əsas verir ki, Rusiya - Qazaxıstan qarşıdurmasının yeni raundu başlayır. 

Bu fonda Moskva Qazaxıstana qarşı hansı addımları ata bilər? Qazaxıstanda yeni qarşıdurma və Tokayevin devrilməsi perspektivi mümkündürmü?
 
Qazaxıstandakı durumu Qaynarinfo-ya şərh edən politoloq Cümşüd Nuriyevin fikrincə, Kreml bu ölkədə qarşıdurma yaratmağa çalışsa da, həmin istiqamətdə hər hansı bir uğur əldə edə bilməyəcək:

"Rusiya Qazaxıstanda xaos yaratmaqla hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Amma bu alınmayacaq. Rusiyanın buna gücü çatmayacaq. İkinci, üçüncü cəbhə açmaq hazırda Moskva üçün məqbul variant deyil. Tokayev kifayət qədər güclü mövqeyi olan bir siyasətçidir. Xaricdə onu dəstəkləyən qüvvələr var. Xüsusən də o, Çin tərəfindən dəstəklənir. Bu amillər Tokayevin devrilmsinə imkan verməyəcək. Burada Türkiyə faktorunu da unutmayaq. Türk dünyasının Qazaxıstanda yanvarda baş verən hadisələr və Özbəkistan olaylarından nəticə çıxara biləcəyi təcrübələr var. Onlar həmin təcrübədən birlikdə çıxacaqlar”. 

Həmsöhbətimiz Kremlin Qazaxıstanda yaşayan rusdili əhalidən separatizmi qızışdırmaq üçün istifadə edə biləcəyinə də inanmır: 

"Rusiya gec ayılıb. Qazaxıstan paytaxtı Almatıdan Astanaya köçürəndə Kreml bunu diqqətə almadı. Nazarbayev həmçinin Çin və Əfqanıstandan qazaxları ölkəyə dəvət etdi. Köçürülənlər hesabına qazax əhalisinin sayının 60 faizə çatmasına nail oldu. Həmçinin, bu ölkədə ukraynalılar ruslardan daha çoxdur. Ukrayna müharibəsi başlanandan sonra isə Qazaxıstandakı ukraynalılar rusları sıxışdırmağa başlayıb. Ona görə də Moskva rusdillilərdən separatizmi alovlandırmaq üçün istifadə edə bilməyəcək. Çin özü də buna imkan verməyəcək”.

Rüfət Sultan