Rusiyanın əsas müxalifət lideri Aleksey Navalnıya qarşı sui-qəsdin iştirakçıları ifşa olunub.
Qaynarinfo xəbər verir ki, jurnalist araşdırmaları ilə məşhur olan "The Insisder" və "Bellingcat" internet resursları dünya nəhəngi СNN və Almaniyanın "Der Spiegel" həftəlik jurnalı ilə birlikdə Rusiya müxalifətinin lideri Aleksey Navalnıya edilən sui-qəsdin iştirakçılarını üzə çıxarıblar. Araşdırmada Aleksey Navalnının qurucusu olduğu Korrupsiya ilə Mübarizə Fondu da iştirak edib.
Araşdırmanın nəticələrinə görə, Navalnıya sui-qəsd Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olan qrup tərəfindən həyata keçirilib. Qrup üzvülərinin kimlikləri, gizli adları, sui-qəsd ərəfəsində hərəkət marşurutları, telefon əlaqələri aşkara çıxarılaraq hadisənin tam mənzərəsi yaradılıb.
Politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Navalnı bu araşdırmadan sonra sui-qəsd əmrinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov tərəfindən verildiyini, Bortnikova isə belə bir əməliyyat üçün yalnız Rusiya prezidenti Vladimir Putinin əmr verə biləcəyini bəyan edib:
"Bəzi politoqlar isə bu sui-qəsdin arxasında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dayandığı qəanətindədirlər. Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu Patruşevin komandasının üzvü hesab edən politoqlar Navalnıya edilən sui-qəsdin Rusiyada hakimiyyətin ötürülməsi zamanı prosesə mane ola biləcək yeganə şəxsin öncədən zərərsizləşdirilməsi məqsədi daşıdığını düşünürlər".
Orxan Əhmədli