"İndiki dövrdə Rusiyanın daha qorxulu işğalçılıq planları var, ancaq o, bunlar haqqında ancaq düşünə bilir. Onu reallaşdırmaq imkanına isə malik deyil. Lakin bu imkanlar bərpa edilərsə, Rusiya birmənalı şəkildə işğalçılıq siyasətini daha aqressiv şəkildə davam etdirəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli NATO baş katibi Mark Ruttenin Rusiyanın 5-7 il ərzində Estoniyaya hücum edə biləcəyi ehtimalını şərh edərkən deyib.
İbrahim Rüstəmli bildirib ki, Rusiyanın imperalist, işğalçı ölkə olduğunu artıq bütün dünya bilir:
"Rusiya dünyadakı güc balansını tənzimləmək üçün yenidən revanş götürmək, yenidən hərəkətə keçib, ərazilərini genişləndirmək və belədə təsir dairəsini genişləndirmək niyyətindədir. Bura Avropa, Baltikyanı ölkələr, Cənubi Qafqaz da daxildir. Bu məsələdə qaranlıq heç nə yoxdur. Əsəbi mövqe sərgiləyən Rusiya öz mesajları ilə niyyətinin nə olduğunu da açıq şəkildə ortaya qoyur".
Ekspert qeyd edir ki, Kremlin verdiyi mesajları, davranışları, sərgilədiyi mövqedən ancaq işğalçılıq qoxusu gəlir:
"Rusiya keçmiş SSRİ respublikalarına müstəmləkə gözü ilə baxır. Rusiya keçən əsrin 90-cı illərində əvvəlki nüfuzunu itirərək, güc mərkəzi kimi bütün təşəbbüsləri, həmin vaxt malik olduğunun 80 faizini əldən verib. Bu da onu süquta aparır. Ukrayna müharibəsi də Rusiya iqtisadiyyatına böyük zərbə vurub. Belədə Rusiya mənəvi üstünlüklərini də itirib".
İbrahim Rüstəmli deyib ki, artıq hamı Kremlə qarşı münasibətdə ehtiyatlı davranır:
"Bu mənada NATO baş katibinin Rusiya ilə bağlı dedikləri doğrudur. Rusiyanın imkanı olsa, ilk növbədə Baltikyanı ölkələri, Cənubi Qafqazı, Orta Asiyanı ələ keçirər, sonra da Polşa başda olmaqla Avropanın içərisinə doğru hərəkət edər. Amma indiki vəziyyətdə Rusiyanın hərbi, siyasi, iqtisadi, insan resursları buna imkan vermir".
Qeyd edək ki, "The New York Times" qəzetinə müsahibə zamanı Mark Rutte Rusiyanın 5–7 il ərzində Estoniyaya hücum edə biləcəyi ehtimalına toxunub. O bildirib ki, NATO belə bir senariyə qarşı bütün planlara malikdir:
"Mən bütün detalları açıqlaya bilmərəm, çünki Vladimir Putin bu verilişlərə baxır. Amma bizim təkcə planlarımız yox, həm də bu planları həyata keçirmək üçün kifayət qədər insan və hərbi texnikamız olmalıdır. Məhz buna görə də müdafiəyə daha çox vəsait ayırmalıyıq!"
Onu da xatırladaq ki, daha əvvəl isə Avropadan olan ekspertlər Rusiyanın ilk olaraq Litvaya hücum edəcəyini proqnozlaşdırırdılar.
Rüfət Sultan
Şərhlər