Xəbər lenti

Rusiyanın istəyi: Kiyev üçün Finlandiya variantı nə dərəcədə keçərlidir?
Siyasət11:26 02.03.2022

Rusiyanın istəyi: Kiyev üçün Finlandiya variantı nə dərəcədə keçərlidir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynaya hücum edən Rusiyanın əsas məqsədi bu ölkənin Qərbə inteqrasiyası, NATO və AB ilə bir yerdə olmasını istəməməsindən qaynaqlanır. Bunun nəticəsidir ki, Kreml Kiyevin Qərbə doğru addımlamasını özünün təhlükəsizliyi üçün təhlükə hesab edərək həzm edə bilmir. 
Bu müstəvidə Moskva Ukraynanın da Skandinav ölkəsi Finlandiya kimi neytral ölkə olmasında maraqlıdır. Rusiya həmçinin Ukraynanın silahsızlaşdırılmasını istəyir.
Qeyd edək ki, Stalin rejimi vaxtilə Leninqradın təhlükəsizliyinin təmini bəhanəsilə şəhərə yaxın olan Finlandiya ərazilərinin SSRİ-yə verilməsini istəyib. Lakin Helsinki buna razı olmayıb. Belə olduqda Hitler Almaniyası ilə müqavilə bağladıqdan sonra sovet rejimi Finlandiyaya müharibə elan edir. Müharibənin nəticəsi olaraq SSRİ Ladoqa gölü boyunca ərazini və Finlandiyanın şimalında bəzi torpaqları öz ərazisinə qatır. Bunun nəticəsində Finlandiya İkinci Dünya Müharibəsində Almaniya tərəfindən vuruşur. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra isə Finlandiya heç bir bloka qoşulmayaraq neytral ölkə statusu qazanır. Artıq 80 ilə yaxındır ki, Finlandiya məhz bu statusla hərəkət edir. Onun bu mövqeyi həm Qərbi, həm də SSRİ-ni qane edir. 
İndi görünən odur ki, Kreml Ukrayna ilə bağlı da anoloji ssenarinin işə düşməsinə çalışır. Maraqlıdır, Rusiya bu istəyinə çatacaqmı, yaxud nə dərəcədə çatacaq? Kiyevin özü buna gedəcəkmi?
Proseslərin gedişi belə düşünməyə əsas verir ki, Ukrayna Rusiya təzyiqləri fonunda indiki vəziyyətdən daha çətin duruma düşsə də, tam olaraq Finlandiya variantını qəbul etməyəcək. Bu günlərdə Ukrayna rəhbəri Volodimir Zelenski ölkəsinin Avropa Birliyinə üzv qəbul edilməsi üçün müvafiq sənəd imzaladı. Lakin eyni zamanda, üstündən bir gün keçəndən sonra Zelenski bəyan edib ki, Kiyevin NATO-da olmasını istəmirlərsə, təhlükəsizlik zəmanəti versinlər. Bu açıqlama onu deməyə əsas verir ki, mövcud vəziyyətdə Kiyev hərbi bloklara qoşulmamaq barədə Moskvanın tələbini, istəməsə belə ümumən yerinə yetirməyə məcburdur. Amma AB məsələsindən vaz keçmək niyyəti yoxdur. Yəni prosesin sonu Kiyevin hərbi müstəvidə neytral ölkəyə çevrilməsi ehtimalının daha güclü olduğunu düşünməyə əsas verir. Ancaq bu AB məsələsinə şamil edilməyəcək. Ukrayna ən azından bu müstəvidə israrlı olduğunu göstərir. 
Deməli, Kiyev son olaraq Finlandiya variantına gedəcək, amma tam olaraq da yox. Yəni Kiyev Rusiyanın tələbini qismən icra edəcək. Moskva isə vaxtilə Finlandiyaya qarşı etdiyini tam şəkildə Kiyevə qarşı edə bilməyəcək. Ən azından beynəlxalq vəziyyət Kremlə bunu etməyə imkan vermir. Belə ki, vaxtilə Finlandiya Hitler Almaniyası tərəfində vuruşduğuna və deməli, həm də Böyük Britaniya, ABŞ-a qarşı çıxdığına  görə, Qərb Rusiya təpkiləri qarşısında Skandinav ölkəsinə heç bir dəstək verməyib, yaxud verə bilməyib. Ukrayna ilə bağlı isə məsələ tamamilə fərqlidir. Qərb hərbi baxımdan özü hərəkətə keçməsə də, bütün gücü ilə Kiyevin arxasındadır. 
Deməli, sonda Kiyev üçün də Finlandiya variantı keçərli ola bilər, amma bu, Skandinav ölkəsində olduğunun tam olaraq təkrarı olmayacaq. 
Rüfət Sultan