Qarabağda yaşanan son hadisələr Rusiyanın regionla bağlı planların üstünü açdı. Belə ki, ermənilərin terror aktları nəticəsində 4 əsgərimizin şəhid olmasından sonra Azərbaycan ordusunun Xocavənd rayonun Köhnə Tağlar və Çaylaqqala kəndlərinin yaraqlılardan təmizlənməsi məqsədi ilə əməliyyat keçirdiyi haqqında məlumat və görüntülər yayıldı. Daha sonra Azərbaycan mətbuatında Ermənistanın Baş naziri Nikol Paşinyanın bu iki kəndin Azərbaycanın nəzarətinə keçməsini bildirməsinə istinad edilərək daha iki kəndimizin işğaldan azad edilməsu haqqında məlumat yayıldı.
Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı "sülhməramlı”larının fəaliyyəti ilə bağlı yaydığı məlumat və xəritədən belə aydın olur ki, Köhnə Tağlar və Çaylaqqala kəndləri rusların nəzarət zonasına daxil edilib. Halbuki, bu kəndlər son hadisəyə kimi Rusiya "sülhməramlı”larının nəzarət zonasına daxil deyildi.
Açıq görünür ki, Rusiya "sülhməramlı”ları ermənilərin təxribatlarından istifadə edib, nəzarət zonalarını genişləndirirlər. Bu isə ermənilərin terror fəaliyyətinin rusların planı olması ilə bağlı fikir yaradır.
Azərbaycan bu vəziyyətdə nə etməlidir?
Azərbaycan qısa bir zaman kəsiyində Qarabağda atəşkəsə nəzarət edəcək Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına və Türk hərbçilərinin münaqişə zonasına daxil olmasına çalışmalıdır. Bu ilk növbədə Rusiyanı təxribatlar yaratmaqla nəzarət zonasını genişləndirmək çabalarını məhdudlaşdırmağa xidmət edər. NATO üzvü olan Türkiyə həbrçilərinin bölgədəki fəaliyyəti Rusiyanı müəyyən qədər çəkindirə bilər.
Ən başlıcası isə nə qədər ağır olsa da, Azərbaycan danışıqlar prosesinin Minsk qrupu formatına qaytarılmasına çalışmalıdır. Görünənlər onu deməyə əsas verir ki, Rusiya Minsk qrupunun digər iki həmsədr ölkəsini münaqişənin tam həlli prosesinə yaxın buraxmaq istəmir.
Ekspertlər hesab edir ki, Minsk qrupunun əvvəl təklif etdiyi həll formulları artıq Azərbaycan ordusu tərəfindən yerinə yetirildiyi üçün ABŞ və Fransanı danışıqlar prosesinə geri qaytarmaq lazımdır. Belə ki, artıq münaqişə ilə bağlı yeni reallıqlar yaranıb. Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir qismini azad edib və dövlət sərhədlərininin bərpa olunması prosesi gedir. Bu halda Minsk qrupu danışıqlar prosesinə qayıtmaq istəyəcəksə, yeni formullar tapıb, müzakirə masasına qoymalıdır.
Digər bir tərəfdən Minsk qrupunun fəaliyyəti Rusiyanın münaqişə tərəflərinə təsirini istər-istəməz azaldacaq. Və Rusiyanın təkbaşına münaqişəni maraqları baxımından idarə etməsini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Həmçinin, Qərb ölkələrini işğaldan azad olunmuş ərazilərin bərpası prosesi və qaçqınların yurd-yuvalarına qayıtmasına cəlb etmək olar.
Ən əsası isə Rusiyanın münaqişə zonasındakı məlum fəaliyyəti fonunda Minsk qrupunun danışıqlar prosesinə qayıtması beynəlxalq ictimai rəydə Azərbaycanın maraqlarını ön plana çıxara bilər. Ona görə də Azərbaycanın beyin mərkəzləri prosesin daha ağrısız getməsi üçün münaqişənin həllinə yeni oyunçuların daxil olmasına çalışmalıdır. İmzalanan üçtərəfli 10 noyabr bəyanatının şərtlərinin maraqlarımıza uyğun şəkildə yerinə yetirilməsi üçün Rusiyadan başqa digər supergüclərin də münaqişənin həllinə cəlb etmək daha məntiqli olardı. Bu Azərbaycana böyük dövlətlərin maraqlarının toqquşmasından maksimum yararlanmağa imkan verəcək...
Orxan Əhmədli