Oktyabrın 6-na keçən gecə Rusiyanın bir sıra şəhərlərində – Kaluqa, Tambov, Soçi, Krasnodar, Gelencik, Yaroslavl, Saratov və Nijni Novqorodda hava limanlarının fəaliyyəti dayandırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat
yayıb.
Rəsmən gecikmələrin səbəbi göstərilməsə də, bir çox bölgələrdə pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi elan olunub. Yerli teleqram kanalları Ryazan, Dzerjinsk, Nijni Novqorod, Tuapse və Soçi üzərində partlayışların baş verdiyini xəbər veriblər.
Dron hücumları Moskva vilayətinə də yönəlib. Moskva meri Sergey Sobyanin paytaxta tərəf uçan bir dronun vurulduğunu açıqlayıb. Teleqram kanallarının məlumatına görə, Belqorod və Bryansk vilayətlərində enerji obyektləri, Krımın Feodosiya şəhərində neft bazası, Dzerjinskdakı partlayıcı maddə istehsal edən Sverdlov zavodu hücuma məruz qalıb.
Səhər saatlarında Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, guya gecə ərzində hava hücumundan müdafiə qüvvələri 251 Ukrayna dronunu zərərsizləşdirib. Onların ən çoxu Qara dəniz üzərində – 61 ədəd – vurulub. Bundan əlavə, işğal olunmuş Krımda 40, Kursk vilayətində 34, Belqorodda 30, Nijni Novqorodda isə 20 dron məhv edildiyi bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Belqorodda elektrik yarımstansiyasında partlayışlardan sonra yenidən kütləvi işıqsızlıq (blekaut) baş verib. Hadisəni sakinlər və vilayət qubernatoru Vyaçeslav Qladkov təsdiqləyib. Şəhərdə su təchizatı və internet əlaqəsində də problemlər yaranıb.
Krımda isə dron hücumundan sonra Feodosiyada yerləşən ən böyük neft bazasında yanğın baş verib. Yanğın zamanı yanacaq anbarı partlayıb, alovun işığı onlarla kilometr məsafədən görünüb. Partlayış səsləri həmçinin Novofedorovkadakı "Saki” aerodromu, Yevpatoriya, Simferopol rayonu və Kaça aerodromuna yaxın Andreyevka kəndi ərazisində eşidilib.
Alpər
Şərhlər