
Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubunu qəbul edəcək.
Qaynarinfo.Az xəbər verir ki, 20 oktyabr saat 21:00-da başlayacaq qarşılaşmanı israilli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Alon Yefet olacaq.
Ona yan xətlərdə Danni Krasikov və Nissan Davidi köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Kiril Balikin yerinə yetirəcək. Roy Raynşrayber və Ziv Adler isə əlavə köməkçi hakimlərdir. Hakimlərin işinə isə ukraynalı İqor İşçenko qiymət verəcək. Qarşılaşmanın UEFA nümayəndəsi isə belçikalı Rudolf Mannarts olacaq.
Alon Yefet kimdir?
İsrailin Netanya şəhərində doğulmuş Alon Yefet ixtisasca marketinq meneceridir. Onun hobbiləri sırasına film izləmək, səyahət etmək və basketbol oyunu daxildir. 44 yaşlı referi 2002-ci ildən FİFA referisidir. O bunadək 16, 19 və 21 yaşadək komandalar arasında keçirilən Avropa çempionatlarında, eləcə UEFA Kuboku/Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələsində oyunlar idarə edib.
Yefet ötən seçmə mərhələnin ilk oyunundan Azərbaycan millisinə tanış hakimdir. 2014-cü ilin sentyabrın 9-da "Bakcell Arena"da Azərbaycan - Bolqarıstan oyununda (1:2) hakimlik edən zaman Yefetin köməkçiləri arasında Danni Krasikov, Nissan Davidi və Roy Raynşrayber də olub. Həmin matçda 4 sarı vərəqəyə əl atan Yefet millimizdən Vaqif Cavadov, Ruslan Abışov və Araz Abdullayevi, bolqarlardan isə Vladimir Qadjevi cəzalandırıb.
Təcrübəli referi Azərbaycan klublarının oyununu idarə etməsə də, 7 dəfə Yunanıstan komandalarının matçında hakimlik. Maraqlıdır ki, o bunlardan 4-də Yunanıstanın 2-ci böyük şəhəri olan Saloniki təmsilçilərinin oyunlarında olub. Elə təəssürat yaranır ki, sanki Mustafa Kemal Atatürkün doğulduğu şəhərin klubları - "Aris" (bu komanda da eyni şəhəri təmsil edir - red.) və PAOK-un matçları həmişə ona etibar edilməlidir. Onu da qeyd edək ki, Yunanıstan Makedoniyasının mərkəzi şəhərinin sakinləri Yefetin idarə etdiyi oyunlardan cəmi 1 dəfə qələbə ilə evlərinə qayıda biliblər.
Maraqlıdır ki, Yefetin Bakıya gəlməzdən öncə idarə etdiyi son beynəlxalq görüş də Yunanıstanda olub. O, avqustun 4-də paytaxt Afinada AEK-in "Qəbələ"nin rəqibi "Sent-Etyen"lə matçını idarə edib.
Alon Yefetin idarə etdiyi Yunanıstan klublarının oyunları
UEFA Kuboku 2003/04 I təsnifat mərhələsi "Aris" - "Zimbru" (Moldova) 2:1
UEFA Kuboku 2003/04 II təsnifat mərhələsi "Debretsen" (Macarıstan) - PAOK 0:0
UEFA Kuboku 2005/06 I təsnifat mərhələsi "Aris" - "Roma" (İtaliya) 0:0
UEFA Kuboku 2007/08 Qrup mərhələsi "Bavariya" (Almaniya) - "Aris" 6:0
Avropa Liqası 2009/10 Qrup mərhələsi AEK - BATE (Belarus) 2:2
Avropa Liqası 2012/13 Pley-off "Atromitos" - "Nyukasl Yunayted" (İngiltərə) 1:1
Avropa Liqası 2016/17 III təsnifat ərhələsi AEK - "Sent-Etyen" 0:1
Qaynarinfo.Az