Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən 100 gün ötür. Ötən müddət ərzində Rusiya ordusu qarşıya qoyduğu başlıca məqsədlərindən heç birinə nal ola bilməyib. Kiyevi 3-4 günə ram edəcəyini düşənən Kreml hərbi əməliyyatların başlanmasından 100 gün keçsə də, istəyinə nail ola bilmədi. Moskvanın hərbi-siyasi siyasəti Ukraynada iflasa uğradı. Ruslar işğal etmək istədikləri əksər şəhərlərdə məğlub oldular. Kiyev, Xarkov, Çerniqov istiqamətində ciddi müqavimətlə üzləşən rus ordusu acınacaqlı duruma düşdü. İri şəhərlərdə məğlub olan Kreml əsas diqqəti Luqansk və Donetskə yönəldib. Bu istiqamətdə bəzi üstünlüklərə malik olsa da, rus ordusu ağır itkilərlə verməklə çətinliklə irəliləyir. Ukrayna isə bu müddət ərzində, Qərbdən hərtərəfli dəstək almaqla düşmənə ciddi müqavimət göstərə bilir. Artıq Kiyevə hərbi dəstəyi nəzrdə tutan Lend-liz qanunu da həyata keçmək ərəfəsindədir və bu, Rusiyanın vəziyyətini daha da ağırlaşdırır.
Müharibənin ötən 100 günü nə göstərdi? Azərbaycan siyasi müstəvisinin ünlü simaları nə düşünür?
"Rusiya məqsədinə çata bilmədi”
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, rus ordusu məğlub olur, ukraynalılar isə müqavimət göstərib, tədricən əks-hücuma keçirlər: "Rusiyanın Ukraynadakı müharibə planları baş tutmur. Onlar Ukraynanı ram edə bilməyiblər. Kiyevi alıb, hakimiyyətə ruspərəst müqəvva gətirə bilmədilər. İkinci mərhələdə total hücuma keçsələr də, rus ordusu yenə də məğlub oldu. İndi müharibənin üçüncü mərhələsidir. Bu mərhələdə Rusiya Luqansk və Donetskinin inzibati əraziləri və Ukraynanın cənub ərazilərini tutmağa çalışır. Bu istiqamətdə artıq bir aydan çoxdur ki, müharibə gedir. Ruslar burada müəyyən əraziləri işğal etsə də, ümumi qələbədən söhbət gedə bilməz. Əksinə, Ukrayna ordusu ağır döyüşlərlə rus ordusunu taqətdən salıb, ehtiyatlarını tükəndirib. İndi Kiyev əks-hücuma hazırlaşır. Bunun üçün ona müasir ağır silahlar lazımdır. Bu silahı da Qərb verməlidir. Qərb Ukraynaya hərb, siyasi, iqtisadi, maddi yardım göstərir, amma bunu çox ləng edir ”.
"Artıq nəticə göz qabağındadır, Rusiya uduzub, amma Ukrayna da qalib gəlməyib”
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov müharibənin yüzüncü gününü şərh edərkən bəyan edib ki, siyasi baxımdan Rusiya tam uduzub. Hərbi baxımdan isə Ukrayna hələlik qalib gəlməyib:”Vəziyyət mürəkkəbdir. Qərbin köməyi də təəssüf ki, Kiyevə dəstəkdir, lakin real nəticə hələ də hiss olunmur. Rusiya yalnız bəzi nisbi uğurlara nail olub.Amma siyasi, tarixi və geopolitik baxımdan Rusiya tamamilə uduzub. Rusiya daxilində ciddi siyasi dəyişikliklər qaçılmazdır”.
"Son görünümr”
Milli Məclisin deputatı Arzu Nağıyevin fikrincə, müharibənin sonu görünmür, tərəflər danışıqlar masasına əyləşməsələr müharibə uzun çəkəcək:"Hərəsinin öz arqumenti var. NATO fikirləşir ki, Rusiyanı məğlub etmək üçün mütləq şəkildə qurum daha da genişlənməlidir. Hətta onlar Rusiyanın Rostov vilayətinə qədər qurumu genişləndirməyi düşünürlər. Moskva isə NATO-nun genişlənməsini özünə təhdid hesab edir. Ukrayna ətrafında gedən sülh danışıqları və son hərəkətlər göstərdi ki, vaxtilə NATO-ya üzv olmaq istəməyən dövlətlər də indi ora qəbul olmağa çalışır. Almaniya isə öz silahlı qüvvələrini daha da gücləndirmək barədə düşünür. Rusiya qalib olaraq Ukraynanı zəbt edəcəyini düşünürdü. Lakin alınmadı. Çünki NATO və dünya Rusiyanın iqtisadi, siyasi və hərbi baxımdan boğulması istiqamətində ciddi addımlar atır. Müharibənin nə zaman bitəcəyi bilinmir. Danışıqlar masasına əyləşməsələr müharibə uzun çəkəcək”.
"Rusiya dünyadan təcrid olunub”
AMİP lideri Etibar Məmmədov qeyd edir ki, müharibənin davam edən 100-cü günü Rusiya ordusunun gücü barədə səslənən fikirlərin mif olduğunu ortaya çıxardı: "Rusiyanın maddi, fiziki, hərbi imkanları tükənmək üzrədir. Ukraynanın müqaviməti göstərir ki, Rusiya ordusu barədə məlumatlar əslində şişirdilib. Rus ordusunun əslində döyüş qabiliyyəti aşağı səviyyədədir. Motivasiyası isə sıfır səviyyəsindədir. Rusiya dünyadan təcrid olunub”.
"Kreml hərbi hədəfinə çata bilmədi”
Hərbçi ekspert Üzeyir Cəfərov bildirir ki, bu müddətdə Rusiya heç bir strateji hərbi hədəfinə çatmadı: "Ukrayna ordusu mərdliklə döyüşür. Yeni silahlar gəlir. Həmçinin, dünya sürətlə silahlanmaya doğru gedir. Finlandiya və İsveç də NATO-ya üzv olmaq istəyir. Rusiya çökməyə doğru gedir. Onlar bölgəmizdən də çıxmağa məcbur olacaq. Sadəcə səbr edib bir az dözməliyik”.
"Ukrayna "rus mifi”ni dağıda bildi”
ReAL-ın icra katibi Natiq Cəfərli 100 günün əsas nəticəsinin Ukraynanın qısa müddətdə təslim olacağı ilə bağlı gözləntilərin özünü doğrultmadığını bildirir:"Müharibənin bu qədər uzanması, rus ordusunun Kiyevdən və bir sıra digır ərazilərdən geri çəkilməsi 100 günün əsas nəticəsidir”.
Rüfət Sultan