Cari mövsümdə cəmi bir qələbəsi olan "Keşlə" qarşıdakı turda "Neftçi" ilə oynayacaq. Çempionluğa əsas namizədlərdən sayılan Samir Abasovun komandasına qarşı "Keşlə"nin necə hazırlıq gördüyünü öyrənmək üçün baş məşqçi Sənan Qurbanovla danışdıq.
Növbəti turda "Neftçi", daha sonra "Qarabağ"la qarşılaşmalı olan "Keşlə"nin çalışdırıcısı Qaynarinfo-ya açıqlamasında məğlubiyyədən sonra əhval-ruhiyyənin o qədər də yaxşı olmadığını bildirib:
"Amma çalışırıq ki, komandanı toparlayaq. Hazırda fikrimizi "Neftçi" ilə oyuna yönəltmişik. Hazırlıqlarımız davam edir".
Maraqlıdır, "Neftçi" ilə oyun üçün xüsusi hazırıq görülübmü:
"İstər-istəməz iş getməyəndə nəyisə dəyişməyə çalışırsan. Düzdür, hazırda müəyyən fikirlər var. Onun üzərində məşqlər edirik. Nələrisə dəyişmək fikrindəyik. Amma oyuna qədərki durumumuzdan, futbolçuların məşqlərdə göstərdiyi performansdan çox şey asılıdır".
Son vaxtlar "Neftçi" üzərində təzyiqlər artıb. Xüsusən də "Qarabağ"a məğlubiyyədən sonra komanda psixoloji baxımdan gərginlikdədir. Bəs bu durum matça necə əsir edə bilər:
"Neftçi" belə götürəndə cəmi bir dəfə, o da "Qarabağ"a uduzub. Bütün rəqiblərə böyük hörmətlə yanaşmışıq, həmçinin də "Neftçi"yə. Ancaq indi o vəziyyədə deyilik ki, rəqibi fikirləşək. Daha çox öz durumumuzu düzəltməyə çalışırıq. Çünki iki turdur məğlub oluruq, vəziyyət ürəkaçan deyil. İstəyirik ki, problemlərimizi aradan qaldıraq, nəinki "Neftçi" haqda düşünək".
"Keşlə" "Neftçi"dən sonra "Qarabağ"la oynayacaq. Ardıcıl iki çempionluğa namizəd rəqiblə oyun kollektivin əhval-ruhiyyəsinə necə təsir edəcək?
"Hər oyuna maksimum hazırlaşmağa çalışırıq. Rəqiblərimiz çox ciddidir. Əvvəlcə "Qarabağ" deyil, "Neftçi" ilə oyunu fikirləşirik. Qrafik elədir ki, bütün rəqiblərlə oynamalıyıq. Psixoloji cəhətdən komandanı düzgün hazırlamağa çalışırıq. Ötən oyundan sonra futbolçularla da danışığımız oldu. Onları səhvlər etməməyə çağırırıq. Komanda şəklində müdafiə olunub, hücum etməyə çalışırıq. Amma çempionatımızda hər komandanın qarşısında təhlükəli qol imkanları olur. Bunlardan istifadə etməyə çalışmalıyıq ki, psixoloji üstünlük biz tərəfdə olsun. Elə oyun yoxdur ki, bizim də qol imkanlarımz olmasın. Futbolu nə qədər yaxşı oynasan da, qapın qarşısında təhlükəli vəziyyətlər yaranacaq. Biz də çalışırıq ki, müdafiədə sıx oynayıb səhv buraxmayaq. Hər iki fazada futbolçulara düzgün oynamağı tövsiyə edirik. Rəqibimiz çox ciddidir, "Neftçi" kimi komandaya qarşı oynamaq asan deyil. Çox yaxşı fubolçuları var. Həmçinin bizim futbolçularımız da istəkli olmalıdır. Məncə maraqlı oyun olacaq".
Qurbanov heyətdə itkilər olduğunu da deyib:
"Tural Axundov "Zirə" ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılmışdı. Boyka zədəlidir. Rəhman sıralarımıza qayıdıb, baxaq görək, oyun günü özünü necə hiss edəcək. Hələ ki, itkilərimiz Boyka ilə Turaldır".
Səbuhi Həsənov