"Bu məqalə Azərbaycan və Ermənistan arasında düşmənçiliyin qalmasında maraqlı olan Rusiyadakı bəzi dairələrin sifarişidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə "Sputnik Ermənistan”da nəşr olunan və Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq xəttindən narahatlıq ifadə olunan "Erməni sklerozu və ya iranlılar necə öz yüksəkliklərini qoruyub saxlaya bildilər” sərlövhəli məqaləyə münasibət bildirərkən deyib:
"Rusiyada Kremldaxili qüvvələr arasında rəqabət var. Buradakı qüvvələrdən biri Ermənistandan Zəngəzur dəhlizinin açılmasını, İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasını istəyir. Digər qüvvə isə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına erməni xalqının məhvi prizmasından yanaşır”.
Politoloq qeyd edir ki, qonşularla münasibətlərin normal olmasını Ermənistanın obyektiv milli maraqları tələb edir:
"Vaxtilə Əhməd Davudoğlu Türkiyənin xarici siyasətini müəyyənləşdirəndə qonşularla "sıfır problemlər” məsələsini gündəmə gətirmişdi. Ermənistanın da bir dövlət olaraq gələcəyi qonşularla normal münasibətlər qurmaqdan keçir. "Sputnik Armeniya”nın xanım əməkdaşı Ankara və Bakı ilə münasibətlərin yaxşılaşdırılmasını Ermənistan üçün təhlükə kimi dəyərləndirirsə, əslində, bunu qanmadan, anlamadan, cahillikdən edir və belədə özünün erməni xalqının düşməni olduğunu göstərir”.
Həmsöhbətimizin fikrincə, sözügedən məqalənin işıq üzü görməsinin arxasında Cənubi Qafqaz xalqları arasınsa sülhün bərqərar olmasını istəməyən Rusiyadakı bəzi dairələr dayanır:
"Onlar münasibətlərin normallaşmasını deyil, Azərbaycan və Ermənistan arasında düşmənçiliyin qalmasını istəyir. Çünki normallaşan əlaqələr fonunda erməni və Azərbaycan xalqları bir-birilə dost münasibətlər qurmaq yolunu tutacaq. Bu isə Kremldəki bəzilərinin ürəyincə deyil. Ona görə ki, Cənubi Qafqaz xalqlarının sülh şəraitində yaşamaları fonunda Moskva "parçala və hökm sür” siyasətini həyata keçirə bilməyəcək, onun bölgədəki nüfuzu da aşağı düşəcək və vasitəçiliyinə ehtiyac qalmayacaq. Bu yazı da həmin qüvvələrin sifarişidir”.
Rüfət Sultan
Şərhlər