Xəbər lenti

"Sülhməramlıların komandanı təcili olaraq Azərbaycandan çıxarılmalıdır" - Hərbi ekspert
Siyasət13:29 12.12.2022

"Sülhməramlıların komandanı təcili olaraq Azərbaycandan çıxarılmalıdır" - Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu aksiya ictimaiyyətin Rusiya sülhməramlılarının fəaliyyətinə kəskin reaksiyası kimi qiymətləndirilməlidir. Çünki artıq neçənci dəfədir ki, Rusiya sülhməramlıları üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bir qrup QHT təmsilçisinin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyanın hərbi tərəflərini şərh edərkən deyib. Ədalət Verdiyev qeyd edib ki, rus sülhməramlıları neytral və bitərəf olduqları halda sırf erməni tərəfinin maraqlarını müdafiə edirlər:
"Bu da haqlı olaraq Azərbaycan ictimaiyyətini qəzəbləndirir. Rusiya sülhməramlı kontingentin komandanı təcili olaraq Azərbaycandan çıxarılmalıdır. Onu əvəz edən şəxs ən qısa müddətdə erməni silahlılarını ərazimizdən çıxarılmasını və azərbaycanlı əhalinin də doğma yurd-yuvalarına qayıdışını təmin etməlidir”. 
Ekspert hesab edir ki, əgər bu tənzimləmələr həyata keçirilməsə, həmin ərazilərdə mülki eko fəallarımızı xüsusi təyinatlı qüvvələrimiz və ya komandalarımız əvəz edə bilər:
"Bu isə erməni silahlıları və Rusiya sülhməramlıları üçün daha ağrılı-acılı nəticələrə gətirib çıxara bilər. Nəticə etibarı ilə bu gün sülhməramlıların Azərbaycan ərazisindən bu qədər özbaşınalıqlara yol verməsi onların Azərbaycan ərazilərində birgə bəyanatda göstərilən 2025-ci ilin sonuna kimi qalmalarını da şübhə altına alır”. 
Qeyd edək ki, bu gün bir qrup QHT təmsilçisi Rusiya sülhməramlılarının nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyası keçirir. Etirazçılar Şuşa-Xankəndi yolunda çadırlar qurub. Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. 
Bahar Rüstəmli