Avropa İttifaqının dövlət və hökumət başçıları cümə axşamı keçirilən sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha altı ay uzatmaq qərarına gəlib. Buna səbəb Ukrayna ətrafında vəziyyətin nizamlanmasının müzakirəsi olub.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS Aİ liderlərinin Brüssel görüşündə Avropa ölkələrindən birinin nümayəndə heyətinin tərkibindəki mənbəyə istinadən məlumat yayıb.
Bu məlumata görə, Avropa liderləri sanksiyaların iyulun 31-dək uzadılması ilə bağlı razılığa gəliblər. Qərar yaxın həftələrdə veriləcək.
Rusiya Federasiyasına qarşı Avropa sanksiyaları 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra tətbiq edilib. Həmin il Rusiya bir sıra ərzaq məhsullarının Avropadan idxalına qadağa qoyub, əks sanksiyalar tətbiq edib.
Rusiya və Ukrayna arasında münasibətlər noyabr ayından, dünya və Ukrayna mətbuatının Rusiya hərbi texnikasının sərhədyanı rayonlarda hərəkəti barədə məlumat yaymasından sonra növbəti gərginlik mərhələsini yaşayır. Bu, Rusiyanın Ukraynaya gözlənilən işğalı ilə bağlı bəyanatlara, eləcə də yeni sanksiyaların tələb edilməsinə səbəb olub.