"Avropa üçlüyü ilə iyulun 25-də nəzərdə tutulan görüşdən öncə Rusiya və Çinlə görüşün keçirməsi İranın özünə dost bildiyi ölkələrin dəstəyini təmin etməyə hesablanmış addımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev İranın nüvə proqramı ilə bağlı bu gün Çin və Rusiya, 3 gün sonra isə Avropa üçlüyü ilə aparacağı danışıqları şərh edərkən deyib.
Taleh Əliyev bildirib ki, bu fonda Tehranda gerçəkləşəcək həmin görüş bir növ İranın əlini gücləndirəcək:
"Bu yolla İran ilk növbədə özünə dost ölkələrlə mövqeyini gücləndirəcək arqumentləri müəyyənləşdirməyi düşünür. Avropa üçlüyü ilə nüvə proqramı ilə bağlı sonrakı müzakirələrdə Tehran özü üçün əlverişli nəticələr əldə etmək istəyir. Çünki Tehran Avropa üçlüyü ilə keçiriləcək görüşdə daha çox İranı nüvə proqramından imtina etməyə çağırışların səslənəcəyini bilir".
Ekspertin fikrincə, bu görüşlərdə tərəflər ən yaxşı halda təmasları davam etdirməklə bağlı razılığa gələcəklər:
"Hər iki görüşün xarici işlər nazirləri müavinləri səviyyəsində olması da göstərir ki, həmin görüşlər ən yaxşı halda tərəflərin belə təmasları davam etdirilmə istiqamətində razılığa gəlməsindən o yana keçməyəcək. Çünki görüş iştirakçıları qərarverici tərəf deyil, sadəcə ekspert səviyyəsindən bir pillə üstün olan nümayəndələrdir. Bu baxımdan, belə görüşlərdə əldə olunacaq yeganə nəticə təmasların davam etdirilməsidir”.
Qeyd edək ki, iyulun 22-də Tehranda İran, Rusiya və Çin nümayəndələrinin İranın nüvə proqramının müzakirəsilə bağlı üçtərəfli görüşü keçiriləcək. Bu barədə danışan İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmail Bəqai bildirib ki, Tehranda İran, Çin və Rusiya arasında üçtərəfli görüş keçiriləcək və əsas mövzulardan biri nüvə probleminin, xüsusilə də sanksiyaların qaytarılması məsələsinin müzakirəsi olacaq.
Bundan 3 gün sonra, iyulun 25-də isə İstanbulda Tehran və "avroüçlüyü" ölkələri (Fransa, Böyük Britaniya və Almaniya) arasında İran nüvə proqramı ətrafında böhranın tənzimlənməsi məsələləri üzrə danışıqların yeni raundu keçiriləcək.
Rüfət Sultan
Şərhlər