Hüseynbala Səlimov
Qarabağın itirilməsində təkcə N.Paşinyan təqsirkar deyil, eyni məsuliyyəti ondan əvvəlki siyasətçilər, xüsusən də "Azərbaycana bir qarış torpaq da qaytarmarıq” deyənlər də daşıyırlar – bəli, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın son bəyanatının təxmini məzmunu budur. O, bu sözləri deyib Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı teledebat təşkil etmək təklifini rədd etdi.
Keçmişi bilmirəm, müasir Ermənistanda paradokslar yetərincədir. Onlardan biri də budur ki, vaxtilə Qarabağ problemilə bağlı realist çıxışlar edən Ter-Petrosyn noyabr və yanvar razılaşmalarından sonra R.Koçaryan kimi müharibə köpəklərilə bir cərgədə yer aldı. Əlbəttə, onun ritorikası Koçaryan və başqalarının ritorikası ilə eyni-identik deyil, yox, Ermənistanın birinci prezidenti indi də bəyan edir ki, Qarabağ problemində güzəştlər labüddür, amma Dağlıq Qarabağ hərbi-siyasi teatrında bərqərar olmuş son vəziyyəti də qəbul edə bilmir.
N.Paşinyanla L.Ter-Petrosyanın siyasi münasibətlərinə gəldikdə, sonuncu elə bu günlərdə bəyan etmişdi ki, daim Paşinyana dəstək verib, amma düşünməyib ki, o, ölkəni fəlakətə gətirib çıxaracaq. Biz daim bir sual üzərində düşünürük: Ermənistanın birinci prezidentini nə narahat edir? Məgər o özü hələ ötən əsrin doxsanıncı illərində bu gün baş verənləri irəlicədən xəbər verməmişdimi? İki siyasətçinin davranışında sırf psixoloji məqamlar yoxdur ki?..
Düşünürük ki, var. Məsələ bundadır ki, vaxtında N.Paşinyan L.Ter-Petrosynı elə də ardıcıl və səmimi müdafiə etməmişdi və onun problemin həllilə bağlı baxışlarını bölüşməmişdi. Amma burada başqa səbəblər də yox deyil.
Birincisi, Ter-Petrosyan da hər şeydən əvvəl ermənidir. Təsadüfi deyil ki, bizim torpaqlarımız onun hakimiyyəti dövründə işğal olunmuşdu.
İkincisi, özünün məşhur yazısında Ter-Petrosyan yazmışdı ki, nə qədər gec deyil, Azərbaycanla "ticarət aparmaq” lazımdır, çünki vaxt keçdikcə Bakı güclənəcək, öz ordusunu yaradacaq və bütün Qarabağı azad edəcək. Yəni L.Ter-Petrosyan da Qarbağ həngaməsini birdəfəlik rədd etmirdi, sadəcə, Dağlıq Qarabağa status almaq üçün əlverişli fürsəti əldən verməməyə çağırırdı, halbuki siyasətdən uzaq adama da aydındır ki, bütün bu Qarabağ həngaməsi ermənilər üçün bir faciədir və bunun heç bir perspektivi yoxdur.
Üçüncüsü, məğlubiyyət həmişə yetimdir və qələbədən fərqli olaraq heç kim onun məsuliyyətini üzərinə götürmək istəmir. Ermənistanda həm də bu proses baş verir. Hərşənd ki, burada elə bir yenilik yoxdur. Onların siyasi xadimləri bu xalqı son nəticədə daim fəlakətlərlə üzbəüz qoyub.
Erməni klassik ədəbiyyatının banilərindən biri X.Abovyan öz əsərlərindən birini "Ermənistanın yaraları” adlandırmışdı. Ola bilsin, o özü də bilmirdi ki, bundan etibarən ermənilər üçün "əzablı yollarla epopeyası” başlayacaq və həqiqətlə yalan arasındakı arakəsməni tamam götürən bu xalq özünün bütün qonşuları ilə qarşıdurma vəziyyətinə gəlib çıxacaq...
Beləliklə, seçkilər yaxınlaşdıqca Ermənistanda vəziyyət qəliz məzmun alır. İstefalar çoxalır, ittihamlar baş alıb gedir. Səbəbi aydındır: hamı bu suradan təmiz – quru çıxmaq istəyir. Amma siyasət taktika və strategiyaya bölünür. Ermənilərin epizodik olaraq taktiki uğurları olur, di gəl, bunu strategiya ilə bağlı demək olmur – burada onlar daim uduzurlar, çünki bir həqiqəti yaddan çıxarırlar: siyasət mümkün olanın sənətidir...
Mümkün olmayanı arzulamaq, irreal olana can atmaq – ola bilsin, bir adama münasibətdə bunu necəsə başa düşmək olar, amma bununla xalq və ya cəmiyyət məşğul olanda bu, uzağı ironiya predmeti ola bilir. Çünki bir xalq nə qədər bütöv və həmfikir olsa da, bütün hallarda vahid bir şüur demək deyil, kolletiv beyindi və bu beyin yüzlərlə qərar formalaşdırır və ehtimal böyükdür ki, bu qərarlardan ən azı biri doğru olur...