
Vəkil Əsabəli Mustafayev Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı, siyasi məhbus Tofiq Yaqublu ilə görüşüb. Bu haqda musavat.coma məlumat verən tanınmış vəkil bildirib ki, müvəkkili ilə ətraflı söhbət ediblər. O, bütün dostlarına salam söyləyib. Hüquqlarının Müdafiə Komitəsinin bir az əvvəl təşkil etdiyi tədbirə görə həm komitə üzvlərinə, həm də iştirakçılara təşəkkürlərini çatdırmağı xahiş edib.
Ə.Mustafayev bildirib ki, Tofiq Yqublu “ Yeni Müsavat” qəzetindən Səməd Seyidovun Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın REAL hərəkatının həmsədri , prezidentliyə namizəd İlqar Məmmədovun həbsi ilə bağlı kəskin bəyanatına münasibətini oxuyub. O, bununla bağlı deyib: “Səməd Seyidov öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Avropa Şurasını Ermənistana qarşı yönəltməyə çalışır. Belə çıxır ki, Səməd Seyidov Ermənistanın maraqlarını güdür. Sanki xəstə həkimə deyir ki, mənə niyə iynə vurursan, o biri xəstəyə vur. O istəyir ki, AŞ Ermənistana qarşı daha tələbkar olsun və düşmən ölkə mümkün qədər tez demokratik ölkə olsun, Azərbaycan isə feodal qaydaları cəngəlliyində itib batsın. Bununla da Qarabağ danışıqlarında Ermənistan mütərəqqi dünyanın gözündə daha cazibədar və ədalətli görünsün. Düzdür, indiki Ermənistanı demokratik Qərb ölkələri ilə müqayisə etmək olmaz, amma elə Azərbaycanı da Ermənistanla müqayisə etmək olmaz. Hazırda Azərbaycanın xilası Ermənistanda baş tutmuş seçkilər qədər səviyyəli seçkilərdən keçir. Əgər elə bir seçki keçirilərsə, nəinki Səməd Seyidov, ümumiyyətlə, bir nəfər də olsun YAP üzvü heç bir quruma seçilə bilməz. Ermənistan müxalifəti istədiyi vaxt İrəvanın mərkəzində mitinqlər, yürüşlər keçirir, çadır quraraq aksiyalar təşkil edir. Onun ölkə ərazisini tam əhatə edən telekanala çıxışında heç bir problem yoxdur. Ölkə başçısı dönə-dönə müxalifəti görüşməyə, danışıq aparmağa çağırır, ölkənin problemlərini birgə müzakirə etməyi, bir sıra önəmli dövlət vəzifələrini təklif edir. Səməd Seyidovsa ikili standart deyir. O, AŞ-a qarşı müharibə elan edib, az qalır onu sendviç kimi basıb əzsin. Onun cibində deputat mandatı var. Deməli, müvafiq səlahiyyətləri də var. Tyorbyorn Yaqlandın İlqar Məmmədovun həbsi ilə bağlı bəyanatı ilə razı deyilsə, onunla təcridxanada görüşüb məsələni özü üçün aydınlaşdıra bilər. Cəsarəti çatırsa, doğrudan da haqq-ədalət arayırsa, gəlsin onunla və ya mənimlə görüşsün. 3-4 dəqiqəyə ona sübut edək ki, bizə qarşı sürülmüş ittihamda elə onun özü qədər təqsirliyik. Çünki bizdə elə alibi var ki, onu qəbul etməmək göydə günəşi danmaq kimi məntiqsizlik olardı. İlqar bəyin təqsirsiz olduğuna əmin olsun, sonra da gedib Yaqlanda dəstək bəyanatı versin. Buna cəsarəti və iradəsi çatarmı? Vətənpərvərlik gedib Avropada Azərbaycan iqtidarına qarşı çox haqlı iradlara qarşı sinə vermək yox, tənqid olunan problemlərin aradan qaldırılmasına çalışmaqdır.
Yaqlandın bəyanatını bəyənməyən Seyidov özü bu illər ərzində ölkədə etiraz ediləcək , bəyanat veriləcək bir problem görməyibmi? Bu millət vəkilinin “ hər şey əladır” dan başqa bir fikrini eşidən olubmu? Bu adam bütün siyasi fəaliyyəti dövründə oğruluğu, qanunsuzluğu və saxtakarlığı mühafizə etməklə məşğul olub. Guya ki, Azərbaycanın dərdini çəkir, onun mənafeyini qoruyur. Bu ilin noyabrında Vilnüsdə Avropa Birliyinin Assosasiya sazişi imzalanacaq. Bir sıra postsovet respublikaları ilə birlikdə Ermənistan da bu sazişə qoşulacaq, amma Azərbaycan yox. Bununla da Ermənistan beynəlxalq müstəvidə rəsmən Azərbaycandan bir pillə yuxarı qalxacaq. 20 il bundan qabaq 6 rayonu qurban verərək hakimiyyəti qamarlamış YAP, indi də hakimiyyətin ömrünü uzatmaq naminə işğal olunmuş torpaqlarımızın sülh yolu ilə qaytarılması şansını qurban verir. Çünki AB inteqrasiya üçün köklü demokratik islahatlar tələb edir. Hakimiyyətdən dördəlli yapışmış YAP iqtidarı bilir ki, azacıq demokratikləşmə olacaqsa , cəmiyyətə bir az sərbəstlik veriləcəksə, o, hakimiyyətdə qala bilməyəcək. Ona görə də torpaqlarımızın birdəfəlik itirilməsinə razılıq verir. Əminəm ki, əgər İslam Ölkələri Təşkilatı da demokratik islahat tələb etsəydi, Azərbaycan heç bu quruma da üzv olmazdı. Səməd Seyidov MM-in Xarici Əlaqələr Komitəsinin sədri kimi bunlardan narahat olub, həyəcan təbili çalmaq əvəzinə İlqar Məmmədovun günahsız yerə həbsdə saxlanmasına çalışır. Bu, böyük rüsvayçılıqdır.”
Qaynar.info