Xəbər lenti

Siyasət 18:08 08.10.2024

"Türkiyə Ermənistanla sərhədi aça bilər, lakin..." - Politoloq

"Türkiyənin bu istiqamətdə atacağı addımlar Azərbaycanla razılaşdırılır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ermənistan prezidenti Vaaqn Xaçaturyanın İrəvanla Ankara arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı danışıqların uğurla davam etdiyi barədə, fikirlərini şərh edərkən deyib.

"Türkiyənin Ermənistanla quru sərhədlərinin açılması şərtləri həmişə bəlli olub. Bu, Azərbaycanın bütün tələblərinin yerinə yetirilməsindən sonra mümkündür. Təbii ki, Türkiyə bu məsələdə xoş niyyət olaraq üçüncü ölkə vətəndaşları üçün sərhədlərinin qarşılıqlı açılmasına razılıq verib və bu istiqamətdə addımlar davam edir. Eyni zamanda, Türkiyə Ermənistanla normallaşma çərçivəsində xüsusi nümayəndə də təyin edib. Hesab edirəm ki, Türkiyənin bu məsələ ilə bağlı atacağı addımlar Azərbaycanla razılaşdırılır", deyə Azər Qasımov bildirib.
 


Həmsöhbətimizə görə, üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması da Ermənistana müəyyən mesajlar çərçivəsində olacaq:

"Məsələ ondadır ki, Ermənistan ABŞ və Fransanın lobbiçiliyilə Azərbaycana təzyiq kampaniyasına başlayıb. Azərbaycan isə yarımçıq sülhdə maraqlı deyil. Amma qeyd edilən ölkələrin təzyiqlərini azaltmaq qarşılığında Türkiyənin Ermənistanla sərhədləri üçüncü ölkə vətəndaşlarına açması istiqamətində razılıq ola bilər. Türkiyə də burda xoş niyyət göstərmiş olar ki, proseslərin müsbət istiqamətdə getməsində maraqlıdır". 

Qeyd edək ki, Avropada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistan və Türkiyə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı danışıqların uğurla davam etdiyini bildirib. Bu barədə məlumatı "Reuters” agentliyi yayıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->