İdman 18:23 08.02.2023

Türkiyə Futbol Federasiyası FIFA-ya müraciət etdi

Türkiyənin 10 vilayətində baş verən zəlzələ ilə əlaqədar Türkiyə Futbol Federasiyası transfer müddətinin uzadılması üçün FIFA-ya müraciət edib.

Qaynarinfo-nun məlumatına görə, federasiya bu gün bitəcək ikinci transfer və qeydiyyat müddətinin daha 10 gün uzadılması üçün FIFA-dan şifahi razılıq aldığını və yazılı təsdiq prosesinin gözlənildiyini açıqlayıb.

Mövzu ilə bağlı TFF tərəfindən verilən açıqlamada bu ifadələrə yer verilib: 

"FIFA-nın milli səviyyədə də məcburi olan Futbolçuların Statusları və Transferləri qaydalarına uyğun olaraq, peşəkar futbolçular üçün 2022-2023 futbol mövsümünün ikinci transfer, həmçinin qeydiyyat müddəti maksimum 28 gün olmaqla 12 yanvar 2023-cü il və 8 fevral 2023-cü il tarixləri arasında müəyyən edilib.

Ancaq ölkəmizdə baş verən zəlzələ fəlakətləri ilə əlaqədar milli matəm elan edilməsi və 10 əyalətdə fövqəladə vəziyyət qərarı səbəbiylə, federasiyamız transferdə hər hansı neqativ halların yaşanmaması üçün 06.02.2023-cü il tarixində FIFA-ya rəsmi müraciət edib və transfer müddətinin uzadılmasını istəyib. FIFA ilə aparılan danışıqlarda transfer müddətinin on gün uzadılması üçün şifahi razılıq alınıb və yazılı təsdiq prosesi gözlənilir".

Səbuhi Həsənov