Bu ilin ilk yarısında Türkiyəyə gələn xarici turistlərin yemək və içkiyə çəkdiyi xərclər ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9 faiz artaraq 5 milyard 904 milyon 388 min ABŞ dollarına çatıb.
Qaynarinfo xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatları əsasında yaydığı xəbərə görə, yanvar-iyun aylarında ölkənin turizm gəlirləri ümumilikdə 25 milyard 746 milyon 177 min dollar təşkil edib.
Statistikaya əsasən, turistlər ən çox vəsaiti məhz yemək və içkiyə xərcləyiblər. Dönər, pide, lahmacun, ev yeməkləri və Türkiyənin müxtəlif bölgələrinə məxsus digər milli təamlar milyonlarla turist tərəfindən dadılıb.
Məlumata görə, ötən ilin eyni dövründə turistlərin yemək və içkiyə xərclədiyi vəsait 5 milyard 427 milyon 718 min dollar olub. Beləliklə, bu kateqoriya üzrə gəlirlər bir il ərzində təxminən 9 faiz artıb.
Turistlərin ən çox pul xərclədiyi istiqamətlərdən biri də geyim və ayaqqabı alış-verişi olub. Bu ilin ilk altı ayında onlar bu məqsədlə 2 milyard 196 milyon 385 min dollar xərcləyiblər.
Hədiyyəlik əşyalara çəkilən xərclər isə 890 milyon 164 min dollar təşkil edib.
Bundan başqa, idman, təhsil və mədəniyyət sahələrinə yönələn turist xərclərindən 248 milyon 992 min dollar, digər istiqamətlər üzrə isə 617 milyon 929 min dollar gəlir əldə olunub.
Günay
Şərhlər