Xəbər lenti

Ukrayna 150 milyardlıq müdafiə təşəbbüsünün bir hissəsi olacaq - Kallas detalları açıqladı
Dünya 22:23 19.03.2025

Ukrayna 150 milyardlıq müdafiə təşəbbüsünün bir hissəsi olacaq - Kallas detalları açıqladı

Avropa Komissiyası üzv dövlətlərin 150 milyard avro dəyərində kredit əldə edə biləcəyi yeni Avropa İttifaqının SAFE müdafiə təşəbbüsünün təfərrüatlarını təqdim edib. Pul ilk növbədə Avropa İttifaqı və Ukraynada istehsal olunan silah komponentlərinə yönəldilməlidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq" radiosuna istinadən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Bizim Ukrayna döyüş meydanındakı təcrübədən öyrənməli olduğumuz çox şey var. Biz Ukrayna üçün, eləcə də onunla birlikdə müdafiə sistemlərini inkişaf etdirməyi bacarmalıyıq", deyə o, qeyd edib.

Kallas vurğulayıb ki, Avropa Komissiyasının müdafiə təşəbbüsü Ukraynaya dəstəklə bağlı son yeni təklifləri də nəzərə alıb:

"Xüsusən, əlavə döyüş sursatları - ildə ən azı iki milyon, həmçinin hava hücumundan müdafiə və pilotsuz uçan aparatlar, eləcə də Ukrayna briqadalarının təlimi və təchizatını nəzərdə tuturuq. Buraya Ukraynanın müdafiə sənayesinə birbaşa dəstək, habelə kosmik xidmətlərə çıxışın genişləndirilməsi daxildir. Avropa Komissiyasının təklif etdiyi yeni SAFE aləti bu ambisiyaları dəstəkləyəcək".

"Azadlıq" radiosu xatırladıb ki, Aİ liderlərinin martın 20-də Brüsseldə baş tutacaq sammitinin kommünike layihəsində Avropa İttifaqının Ukraynaya maliyyə və hərbi yardımı davam etdirməsi nəzərdə tutulur. Blok həmçinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və təkid edir ki, Rusiya Federasiyası müharibəyə son qoymaq üçün əsl siyasi iradə nümayiş etdirməlidir.

"Politico" daha əvvəl Şimali Avropanın Aİ-ni Ukraynanın üzvlük prosesini sürətləndirməyə çağırdığını bildirmişdi. Xüsusilə, İsveç, Finlandiya, Danimarka, Latviya, Litva və Estoniyanın yüksək vəzifəli rəsmiləri Brüsseli Ukraynanın üzvlük prosesinin qətiyyətlə irəliləyişinə dair konkret təkliflər hazırlamağa çağırıblar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->