Xəbər lenti

Ukrayna Aİ-dən 50 milyard avro yardım almaya bilər - FT
Dünya 12:18 04.12.2023

Ukrayna Aİ-dən 50 milyard avro yardım almaya bilər - FT

Ukrayna assosiasiya daxilində bir sıra fikir ayrılıqları səbəbindən Avropa İttifaqından 50 milyard avroluq böyük maliyyə yardımı paketi almaya bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times”a mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, yeni yardım paketi ilə bağlı razılıq ifrat sağçı Azadlıq Partiyasının (PVV) Niderland seçkilərindəki qələbəsi və bu yaxınlarda Almaniya məhkəməsinin hökumət borclarını məhdudlaşdıran qərarı, eləcə də Macarıstanın mövqeyi ilə çətinləşib.

Mənbələr onu da qeyd edirlər ki, dekabrın 14-15-də Brüsseldə keçiriləcək Aİ sammiti öncəsi və sammit zamanı fəal müzakirələr davam etdiriləcək.

"Ukraynaya dəstəyin davam etməsi son dərəcə vacibdir və biz avropalılar bunda mühüm rol oynayırıq", deyə Belçikanın baş naziri Aleksander De Kroo nəşrə verdiyi şərhdə bildirib.

Adı açıqlanmayan yüksək səviyyəli Avropa rəsmisi FT-yə bildirib ki, razılığa gəlmək "çox, çox çətin olacaq". Qəzetin məlumatına görə, Ukrayna hakimiyyəti xəbərdarlıq edib ki, ABŞ və Avropadan gələn yardım paketləri ilə bağlı qeyri-müəyyənlik ölkənin "makromaliyyə sabitliyini" təhlükə altına qoyur. Aİ-nin təklif etdiyi 50 milyard avro Kiyevin ödəmə qabiliyyətinin 2027-ci ilə qədər saxlanılması üçün nəzərdə tutulub.

Adı açıqlanmayan Aİ nümayəndələrindən biri də qeyd edib ki, Ukraynaya maliyyə dəstəyinin qəbul edilməsi həqiqət anıdır. 

"Əgər Ukraynanı dəstəklədiyinizi deyirsinizsə, maliyyə məsuliyyətini öz üzərinizə götürməli olacaqsınız", deyə mənbə qeyd edib. 

Müzakirələrdə iştirak edən Aİ rəsmilərindən biri deyib: "Düşünürəm ki, bu məsələ ətrafında narahatlıq çox şişirdilib. Biz Ukraynanın suveren defolt yaşamasına icazə verməyəcəyik".

FT yazır ki, uzunmüddətli maliyyələşmənin təmin edilməməsi "onun yay əks-hücumunun uğursuzluğundan və Qərb dəstəyinin zəiflədilməsi ilə bağlı artan narahatlığından sonra Kiyevə zərbə olacaq".

Macarıstanın baş naziri Viktor Orban dekabrın 1-də yenidən Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasına veto qoyacağını vəd edib və o, maliyyə paketinin əleyhinədir. Avropalı diplomatlar əmindirlər ki, bu dəfə Macarıstan lideri daha barışmaz görünür. Eyni zamanda, nəşrə müsahibə verən bəzi rəsmilər Aİ-nin büdcə danışıqlarının həmişə çətin olduğunu, lakin hələ də kompromis əldə etməyin mümkünlüyünü iddia edirlər.

Xatırladaq ki, Aİ-də bütün qərarlar konsensusla qəbul edilir və bir ölkə buna qarşı olarsa, təşəbbüs razılaşdırıla bilməz. Noyabrın 27-də Avropa Şurasının rəhbəri Şarl Mişel Macarıstana xüsusi səfər edərək, ölkənin baş nazirini Ukrayna ilə bağlı ümumavropa planlarını pozmamağa çağırıb. Orban bildirib ki, Aİ daxilində bu məsələdə konsensus yoxdur. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->