Xəbər lenti

Ukrayna Kursk istiqamətində Rusiya Su-35 qırıcı təyyarəsini vurdu (VİDEO)
Dünya 14:36 07.06.2025

Ukrayna Kursk istiqamətində Rusiya Su-35 qırıcı təyyarəsini vurdu (VİDEO)

2025-ci il iyunun 7-də, şənbə günü səhər saatlarında Ukrayna Hərbi Hava Qüvvələri Kursk istiqamətində uğurlu əməliyyat keçirib və bu əməliyyat nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-35 tipli qırıcı təyyarə məhv edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin rəsmi Telegram kanalında bildirilib.

Rusiya təyyarələrinə qarşı bundan əvvəlki zərbə 1 iyun tarixində endirilib. Həmin gün Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) həyata keçirdiyi "Hörümçək toru” adlı əməliyyat nəticəsində düşmənin strateji aviasiyası da daxil olmaqla 40-dan çox hədəf məhv edilmişdi.

Rusiya qırıcı təyyarəsinin havada vurulması isə sonuncu dəfə may ayının əvvəlində baş vermişdi. Həmin vaxt Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (QUR) "Group 13” adlı xüsusi təyinatlı bölməsi Rusiyaya məxsus Su-30 təyyarəsini havada məhv etmişdi. Bu, dünya praktikasında ilk belə hal idi: təyyarə suüstü pilotsuz MAGURA katerindən buraxılmış raketlə vurulmuşdu.

Kursk istiqamətində son vəziyyətə gəlincə, işğalçılar Sumı vilayətində daha iki yaşayış məntəqəsini – Kondratovka və Alekseyevkanı – ələ keçiriblər. Rus qoşunlarının Sumı şəhərinin ətrafına olan məsafəsi artıq 20 kilometrlik birbaşa xəttlə ölçülür.

Ekspertlərdən biri qeyd edib ki, ruslar Sumı şəhərinə qədər "sürünərək çatmaq” və orada "dəhşət və qorxu mühiti yaratmaq” istəyirlər. "Sumı istiqamətində hərəkət edən qrup, onların aylarla hazırladığı və bizi Kursk vilayətindən çıxarmaq üçün topladığı qruplaşmadır”, – deyə o əlavə edib.

Alpər


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->