Xəbər lenti

Ukrayna mövzusu:
Dünya 15:17 12.11.2025

Ukrayna mövzusu: "Öncül" Makron niyə kölgəyə çəkilib?

"Hazırda Ukrayna mövzusu ilə bağlı hansısa gedişatlar etmək, publik bəyanatlar səsləndirmək Makron və digər Avropa liderlərinə ötən illərdə olduğu kimi reytinq qazandırmır. Ona görə də hazırda Makron bu mövzuda əsasən susmağa üstünlük verir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə Ukrayna mövzusunda bir vaxtlar daha çox aktiv olan Fransa prezidenti Emmanuel Makronun indi bu mövzuda kölgəyə çəkilməsinin səbəblərindən danışarkən deyib.

Həmsöhbətimiz düşünür ki, Makron, görünür, Ukrayna məsələsinə də daxili-siyasi prizmadan yanaşıb:

"Bir müddət əvvələ qədər Ukraynaya dəstək məsələsində özünü öndə göstərməklə Makron müəyyən dərəcədə özü və ölkəsi üçün reytinq qazanmaq istəyində idi. Makron və bir çox digər Avropa liderləri Ukrayna mövzusundan özləri və ya ölkələrinin siyasi çəkilərini qabartmaq üçün istifadə edirdilər. Amam indi Makron Ukrayna məsələsindən özü üçün ötən illərdə əldə etdiyi anoloji reytinqi qazana bilmir".



Bunun da ekspertə görə, obyektiv və subyektiv səbəbləri var:

"Obyektiv səbəb odur ki, indiki şəraitdə heç bir təklif Ukraynanın vəziyyətini dəyişdirə bilmir. Habelə, Rusiyaya sanksiyalar tətbiq olunsa belə, bu da vəziyyəti kökündən dəyişdirmir. Düzdür, Rusiya da müəyyən dərəcədə çətinlik çəkərək, irəliləyə, hədəflərinə çata bilmir. Amma eyni zamanda, Avropa İttifaqı, xüsusən də Fransa bu məsələdə heç bir nailiyyət əldə edə bilməyib".

Digər tərəfdən, Trampın gəlişindən sonra ABŞ-ın Ukrayna məsələsində fəallığının artması da həmsöhbətimizin fikrincə, Makronu həmin mövzu ilə bağlı kölgəyə çəkilməyə vadar edib: 

"Amerikanın daha çox imkanlara sahib olması, hətta onun "Lukoyl”, "Rosneft”ə tətbiq etdiyi sanksiyaların Aİ-nin kollektiv sanksiyalarının qarşısında daha üstün görünməsi də prosesə öz təsirini göstərib".

İlqar Vəlizadə bildirir ki, bunları dərk edən Makron artıq vəziyyəti anlayaraq başqa istiqamətlərdə reytinq qazanmağa üstünlük verməyə başlayıb:

"O, indi yəqin ki, Qəzzada özü üçün daha çox imkanların açıldığını görür. Ona görə də Qəzzaya qoşunların yeridilməsilə bağlı təkliflər səsləndirir. Yəni bu məsələdə daha çox konyunktura məsələləri özünü göstərir, nəinki real siyasi istək və məqsədlər".

Qeyd edək ki, bir neçə ay bundan əvvələ qədər Fransa prezidenti Emmanuel Makron Ukrayna ilə bağlı məsələdə digər Qərb liderlərilə müqayisədə daha çox aktivlik nümayiş etdirirdi. O, bu əsasda müharibəni dayandırmaq, Rusianı susdurmaq üçün hətta bir sıra təkliflər də səsləndirmişdi. Ukraynanın işğal altında olmayan ərazilərinə Qərb qoşunlarının yeridilməsi təklifi də məhz Makrona məxsus idi. Amma artıq bir neçə müddətdir Makronun Ukrayna ilə bağlı hər hansı çıxışlına, təkliflərinə rast gəlmir, canfəşanlığını müşahidə etmirik. Bu məsələdə Makron sanki artıq lazımsız füqur kimi kənara atılıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->