Xəbər lenti

Ukrayna ordusu əks-hücuma keçsə, nə baş verəcək? (ŞƏRH)
Dünya 17:14 25.09.2025

Ukrayna ordusu əks-hücuma keçsə, nə baş verəcək? (ŞƏRH)

"Tramp prisipial olarsa, Ukrayna ordusu əks-hücuma keçib, Rusiyanın içərilərinə doğru irəliləyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ukraynanın əks-hücuma hazırlaşdığı və ABŞ prezidentinin məsələ ilə bağlı məlumatlandırıldığı barədə məlumatları şərh edərkən deyib. 

"Hər şey Trampla Putin arasındakı münasibətlərin kordinasiyası ilə üst-üstə düşür. Tramp özünü sülhü dəstəkləyən, münaqişə ocaqlarını söndürən dövlət başçısı kimi tanıdıb. Azərbaycanla Ermənsitan arasında münaqişənin bitməsində həlledici addımı da məhz Tramp atıb", deyə ekspert bildirib.

İbrahim Rüstəmli qeyd edib ki, ancaq Vladimir Putinlə bağlı məsələdə Tramp istədiyinə nail ola bilməyib:

"Putinin davranışı Trampı razı salmayıb. Ona görə də ABŞ prezidenti artıq fərqli mövqe sərgiləməyə başlayıb. Ukraynanın Rusiya ilə müharibəsində aparıcı rolu Qərb ölkələri oynayır. ABŞ da münaqişəni dayandırmaq cəhdlərilə Putini yola gətirmək istədi. Ancaq Alyaska görüşündə Putinin soyuq münasibəti Trampı alternativ variantlara keçməyə vadar etdi. Alternativ variant kimi isə Kiyevə edilən hərbi dəstəyin artırılması nəzərdə tutulur".
 


Həmsöhbətimiz düşünür ki, Tramp indi də belə bir yol tutmaqla Putinə təzyiq göstərmək istəyir: 

"Eyni zamanda, bu məsələdə Avropanın da fəallığını tələb edir. Tramp sentmental bir prezidentdir. Gözləntiləri alınmayanda ruhdan düşür, əsəbləşir, emossiyalarını gizlədə bilmir".

Trampın bu bəyanatı həmsöhbətimizə görə sıradan adi bəyanat deyil:

"Əksinə, bu ABŞ büdcəsindən Ukraynaya ayrılan yardımın daha böyük miqdarda olacağına, daha geniş arenada həyata keçəcəyinə işarədir. Tramp bu məsələdə prinsipial olarsa, Ukrayna əks hücuma keçib, Rusiyanın içərilərinə doğru irəliləyəcək. Eskalasiyanın belə genişlənməsi isə Rusiyaya arzuolunmaz ağır nəticələr gətirəcək".

Qeyd edək ki, "The Wall Street Journal" (WSJ) nəşri mənbələrə istinadən ABŞ prezidenti Donald Trampa Ukraynanın hücum əməliyyatına başlamaq planları barədə məlumat verildiyini bildirir. Bunun üçün Amerika kəşfiyyatının məlumatlarına ehtiyac olduğu qeyd edilir. Lakin Ukrayna ordusunun gözlənilən hücum əməliyyatının detalları barədə məlumat verilmir. 

Xatırladaq ki, sentyabrın 23-də Nyu-Yorkda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşən ABŞ prezidenti Rusiyaya qarşı kəskin mövqe sərgiləyərək Kiyevin Avropa İttifaqının köməyilə öz ərazilərini geri qaytarmağa və hətta daha da irəli getməyə qadir olduğunu bildirib. Ardınca da bəyan edib ki, indi Ukraynanın hərəkətə keçməsi üçün əsl vaxtdır.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->