Siyasət 21:12 05.10.2022

Vaşinqtonun vasitəçiliyi fayda vermir – Politoloq

Xəbər verdiyimiz kimi, dünən ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında telefon danışığı olub. Danışıqlar zamanı oktyabrın 2-də baş tutan Cenevrə görüşünün yekunlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin sərhəddə vəziyyətin monitorinqi və nəzarət mexanizmlərinin tətbiqinin vacibliyi vurğulanıb.

Məlumata görə, 19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ dövlət katibinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün, 27 sentyabr tarixində Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilmiş görüşün nəticələri müzakirə edilib. Vurğulayaq ki, Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş 31 avqustda görüş keçirilib. Görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilib.

Azərbaycan tərəfi Cenevrə görüşü zamanı təklif etdiyi sülh müqaviləsinin elementlərinin əks olunduğu mətn üzrə danışıqların davam edəcəyinə dair gözləntilərini bölüşüb. Cenevrə görüşünün nəticələrinə uyğun olaraq, delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi və bu məsələlərin komissiya çərçivəsində aparılmasına çağırış müsbət qarşılanıb. ABŞ dövlət katibi Antoni Blinken öz növbəsində tərəflərin hərbi toqquşmalardan çəkinməsinin, təklif olunmuş sülh müqaviləsi elementləri üzrə danışıqları sürətləndirmənin və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirməyin vacib olduğunu vurğulayıb. 

Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov ABŞ-ın vasitəçilik missiyasını pozitiv adlandırsa da, bu ölkənin çox da səmimi olmadığı qənaətindədir:

"Bu gün ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşması prosesində Rusiya və Avropa İttifaqının moderator rol oynamasından qısqanclıq keçirir. Bu siyasi qısqanclığını nümayiş etdirmək üçün də tez-tez ABŞ dövlət katibi Blinkenin timsalında tərəflərlə danışıqlar aparır. ABŞ bu məsələdə moderatorluğuna heç bir formada etiraz etmirik. İstənilən halda, həm ABŞ, həm Avropa İttifaqı, həm də Rusiya uğurlu moderatorluq etmək istəyirlərsə, İrəvanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarət etməlidir. Təəssüf ki, bu günə qədər həm rəsmi Moskvanın moderatorluğu altında alınan qərarları, həm də Brüsseldə imzalanan bəyanatlardan irəli gələn məsələləri İrəvan yerinə yetirmir. Ermənistan Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş 4 min Azərbaycan vətəndaşının taleyinə hələ də aydınlıq gətirməyib. Minalarla bağlı problemlər davam edir. Vaşinqton məsələyə daha çevik və adekvat reaksiya verməyi bacarmalıdır. Təəssüf ki, ABŞ Dövlət Departamentinin hesabatlarında Ermənistanın azərbaycanlılara qarşı törətdiyi terror hadisələri barədə elə də geniş bəhs edilməyib. Amma istənilən halda vasitəçilik cəhdlərini pozitiv qiymətləndirməliyik. Lakin ABŞ-ın addımlarının çox da səmimi olmadığını düşünürəm. Vaşinqton da digərləri kimi, işğalçı ilə işğala məruz qalana eyni gözlə baxmağa çalışıb. Hesab edirəm ki, ABŞ tərəfindən İrəvana ciddi təzyiqlər ediləcəksə, onun bu moderatorluğu da uğurlu alınacaq. Həmin təzyiqlər olmayacağı təqdirdə isə, ABŞ-ın burada vasitəçi olmasının Bakı üçün hansısa pozitiv nüansları olmayacaq”. 

Rüfət Sultan