Xəbər lenti

Xaçmaz və Xudatda yolların təmirinə daha 1,15 milyon manat ayrıldı
Ekonomiks 15:00 24.07.2026

Xaçmaz və Xudatda yolların təmirinə daha 1,15 milyon manat ayrıldı

Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Mühəndis Yol Təmir Tikinti" MMC seçilib.

Təmir işlərinin görülməsi üçün şirkətlə 1 158 918,36 manat dəyərində satınalma müqaviləsi bağlanacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Mühəndis Yol Təmir Tikinti" MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 658 020 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əlağa Kürçaylı küçəsi, ev 7, mənzil 45-də yerləşir. Qanuni təmsilçisi Səfərov Rafiq İbrahim oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə əlavə məlumata rast gəlinmir.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmaya əsasən, "Mühəndis Yol Təmir Tikinti" MMC ötən il də Xaçmaz Rayon İcra Hakimiyyətinin keçirdiyi analoji tenderin qalibi olub.

Həmin tender də Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı keçirilib. Satınalma müqaviləsinin dəyəri 1 357 008,44 manat təşkil edib.

Beləliklə, Xaçmaz Rayon İcra Hakimiyyəti ötən il sözügedən şəhərlərdə avtomobil yollarının əsaslı təmiri üçün 1,3 milyon manatdan çox vəsait xərcləyib. Bu il isə eyni istiqamət üzrə yenidən 1,1 milyon manatdan artıq vəsait ayrılıb. Bu isə bir il sonra həmin şəhərlərdə avtomobil yollarının yenidən əsaslı təmirinə ehtiyac yaranması ilə bağlı suallar doğurur.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O, 2019-cu ildən bu vəzifədə çalışır.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->