Xəbər lenti

Xalidə Quliyeva:
Sənət 12:46 08.08.2026

Xalidə Quliyeva: "O, xalqın gözündə Nəsimi, Babək kimi qalıb"

"İllər, ərlər keçəcək, nə Rasim Balayev, nə də yaratdığı obrazlar unudulacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Xalidə Quliyeva deyib.

Aktrisa Rasim Balayevin Azərbaycan milli kinosunda tarix yazan sənətkarlardan biri olduğunu bildirib:

"Tarixi obrazlar yaradıb. Özü də bir neçə. Onların hər birinə həyat verib, öz ifası və peşəkarlığı ilə xalqa sevdirib. Buna görə də Rasim Balayev heç vaxt ölməyəcək. Xalqın gözündə Nəsimi, Babək kimi qalıb".

Xalidə Quliyeva "Nəsimi" obrazının Rasim Balayevin ilk böyük işi olduğunu xatırladıb:

"Allah Həsən Seyidbəyliyə rəhmət eləsin. O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi. Həmin vaxt bir çox məsələlər vardı. İstəyirdilər ki, bu rola dünya şöhrətli, SSRİ-də tanınan bir aktyor çəkilsin. Amma Həsən Seyidbəyli Rasim Balayevi kəşf etdi. Eyni zamanda məni də kəşf etdi. 20 yaşım vardı, ilk işim idi. Bu günə kimi Rasim Balayev Nəsimi kimi yadda qalıb. Elə mənə də Fatimə deyirlər. Tərəf-müqabili kimi gözəl bir heyət vardı. Əsas peşəkarlıqdır".

Xalidə Quliyeva hesab edir ki, Rasim Balayev Azərbaycan kinosu üçün böyük bir kəşf olub:

"Həsən müəllimin peşəkarlığı sayəsində bir epizod uzağı iki dubla çəkilirdi. Çəkilişdən iki-üç ay əvvəl kinostudiyada məşq edirdik. Çəkilişə gələndə artıq obraza hazır olurduq. Film çəkilişləri bitsə də, heç bir aktyor oynadığı obrazdan çıxa bilmirdi. Bu, hardasa bir il davam etdi. Səhər çəkilişə gedirdik, axşam evə qayıdırdıq. Səhər yeməkxanaya gələndə əvvəlki gün çəkdiyimiz səhnələrin fotoları divarlarda olurdu. Hər kəs özünü obrazında görürdü. "Nəsimi” filmi haqqında çox danışmaq olar. Obrazı, filmi sevdirən aktyordur. Bir şeyi də xatırladım ki, biz Rasim müəllimlə ailəvi dost idik. Heyif, belə bir sənətkar artıq aramızda deyil".

Qeyd edək ki, bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür. Sənətkar uzun sürən xəstəlikdən sonra Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->