Siyasət 11:39 21.07.2022

Xameneinin “min illik” savadsızlığı, yoxsa Azərbaycan düşmənçiliyi? (RƏYLƏR)

"Xameneinin açıqlaması savadsız olduğu qədər, eyni zamanda, onun reallığı özündə əks etdirməyən bir dini, dövlət lideri olduğunu ortaya qoyub. Bu da öz növbəsində İranın nə qədər qeyri-ciddi ölkə olduğunu ortaya qoyur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İranın dini rəhbəri ayətullah Seyid Əli Xameneinin Tehranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə "Qarabağın Azərbaycana geri verilməsindən məmnunam. Ancaq İran-Ermənistan sərhədini əngəlləmə siyasəti gündəmdə olacaqsa, ölkəmiz buna qarşı çıxacaq. Çünki bu sərhəd min illərdir ki, əlaqə yoludur” fikrinə münasibət bildirərkən deyib. 
 


"İranın imkanları iddialarına uyğun gəlmir. Hər hansı bir müharibə başlanacağı təqdirdə İranın nə qədər acınacaqlı dövlət olduğu ortaya çıxacaq. İran İslam bayrağı adı altında böyük riyakarlıqlar həyata keçirir və dedikləri də həqiqəti əks etdirmir. Başqa dindar qardaşının xristianlar tərəfindən vurulmasına niyə imkan verir? Ermənistan Azərbaycanın torpağını işğal edib, insanları diri-diri yandırarkən, İrandakı din buna necə imkan verib? 

İslamda haram olsa da, İran narkotrafikdən ildə 50 milyard dollar "qazanc” əldə edir. Bunu edənlər də SEPAH-dır. Belə olduğu təqdirdə, Xamneinin verdiyi açıqlama ciddi qəbul olunmadığı kimi, mənfi əks-əlaqə ilə İranın özünə qayıdacaq”. 

Həmsöhbətimiz İranın ali rəsmisinin belə açıqlamasına adekvat reaksiyanın olmasını vacib sayır:

"Dünyanın sanksiyalarına tuş gələn İran kimi qaniçən, riyakar dövlətə əl uzatmağa ehtiyac yoxdur. Belə bir vəziyyətdə Qərb hansı hərəkəti həyata keçirirsə, Türkiyə və Azərbaycan da İrana qarşı eyni münasibəti sərgiləməlidir. İranla birgə həyata keçirilən bir çox iqtisadi layihələr də dayandırılmalıdır. 44 günlük müharibədə də İran Azərbaycana düşmən mövqeyini açıq şəkildə ortaya qoydu. Zəngəzur dəhlizinin açıqlması Tehranın iddia etdiyi kimi, İran-Ermənistan sərhədinin bağlanmasını özündə ehtiva etmir. Yəni Xameneinin dedikləri riyakarlıq və yalandır”. 

N. Mirinin fikrincə, bu son hadisələr Azərbaycanın dövlət səviyyəsində hazırlanmış proqram şəklində Cənubi Azərbaycanla işləməli olduğunu bir daha ortaya qoyur:

"Çünki gələcəyə doğru proseslər Cənubi Azərbaycanın dominant rolunu ortaya çıxaracaq. İstər Qərb-İran, istərsə də İsrail-İran qarşıdurması kontekstində düşünsək də, İranın çökdürülməsilə bağlı yeganə həlledici qüvvə orada yaşayan Azərbaycan türkləridir. Belə olan təqdirdə, gələcəkdə böyük Azərbaycanın birləşmə ehtimalı da ciddi şəkildə ortaya çıxacaq. Bunun üçün də güclü Türkiyə, güclü Azərbaycan və onların birliyinə ehtiyac var”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə həmin fikirlərin İranın dini lideri tərəfindən səslənməsindən təəssüfləndiyini bildirdi: 

"İran ilk əvvəldən Zəngəzur nəqliyyat dəhlizinin açılmasının əleyhinə olub. Buna ciddi müqavimət göstərməkdə davam edir. Min illik kommunikasiya xətti məsələsinə gəldikdə, XIX əsrdə Rusiyada çap olunan xəritələrdə belə, indiki Ermənistan ərazisində bir dənə də olsun erməni toponimi olmayıb. Bütün yer adları Azərbaycan adlarıdır. O baxımdan guya orada minillərdir hansısa nəqliyyat yolunun olması barədə deyilən fikir hətta erməni uydurmaçı "tarixçi”lərinin iddia etdiklərindən daha irəli gedən əsassız bir fikirdir. Belə bir fikrin İranın dini rəhbəri tərəfindən səslənməsi xüsusilə acı təəssüf doğurur. Təəssüf ki, İran dövləti də Ermənistan kimi türk düşməni olan bir dövlətdir. Ona görə də İranın Ermənistanla eyni siyasət yürütməsi təsadüfi deyil”. 

Rüfət Sultan