Xəbər lenti

Foto 12:12 10.04.2024

Xəzər Universitetində Nemanzadəyə həsr olunmuş tədbir keçirildi (FOTO)

2024-cü il aprel ayının 9-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin və "Çapar” yayın evinin birgə təşkilatçılığı ilə  Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni ideaların möhkəmlənməsində mühüm rol oynamış, görkəmli ziyalı, böyük maarifçi Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir təşkil olunub. 

Tədbiri Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dos. Dilbər Zeynalova açaraq, Ömər Faiq əfəndinin Azərbaycan publisistikasının inkişafında əvəzsiz xidmətlərindən söz açmış, onun mollanəsrəddinçilərin ideya rəhbərlərindən biri olduğunu xüsusi vurğulayıb. 

Sonra çıxış üçün söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof. Hamlet İsaxanlıya verilib. Prof. H. İsaxanlı "Molla Nəsrəddin” jurnalının təsis edilməsində Ö.F.Nemanzadənin rolundan, əməkdaşlıq etdiyi "Şərqi-Rus” qəzetində, sonra isə Tiflisdə "Qeyrət” mətbəsində, "Molla Nəsrəddin” jurnalındakı fəaliyyətindən, keçdiyi həyat yolundan və xatirələrindən ətraflı söhbət açıb. O, Faiq əfəndinin təkcə maarifçi-demokratik ideyaların carçısı, publisist, mətbuat nümayəndəsi olmadığını, onun həm də bir təhsil işçisi, müəllim və maarifçilik ideyalarını təbliğ edən vətənpərvər olduğunu bildirib. Hamlet İsaxanlı çıxşında Ö.F.Nemanzadənin varislərindən, xüsusilə onun irsinin yorulmaz təbliğatçısı hazırda Böyük Britaniyada Azərbaycan diasporunun nümayəndəsi Ülviyyə Pepinovanın fəaliyyətini yüksək qiymətləndirib. 

Daha sonra ”Çapar” dərgisinin və "Çapar" yayınlarının təsisçisi Yusif İlhamoğlu jurnalın Ö.F.Nemanzadəyə həsr olunmuş xüsusi buraxılışlarından geniş bəhs edib. Sonda H.İsaxanlı tələbələrin suallarını cavablandırıb və iştirakçılara təşəkkürünü bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?