Hüseynbala Səlimov
Bəli, növbəti həftə siyasi müşahidəçilərin nəzərləri Avropanın siyasi paytaxtı Brüsselə yönələcək. Xatırladaq ki, burada Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Proqramının növbəbti sammiti keçiriləcək.
Azərbaycan üçün bu proses iki cəhətdən önəmli olmağı vəd edir. Bir tərəfdən biz nəhayət ki, bir məsələyə aydınlıq gətirməliyik: Aİ ilə saziş imzalayırıq, ya yox? Digər tərəfdən isə sammit dövründə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş keçirilməlidir.
Hər iki hadisə siyasi cəhətdən önəmlidir. Əlbəttə, prezidentlərin Soçi görüşünün davamı kimi Brüssel görüşü də diqqət çəkən hadisələrədən biridir və güman edirik ki, tərəflər bu görüşdə prosesi müəyyən qədər irəli aparmağa nail olacaqlar. Bu yaxınlarda ermənilərin azad edilmiş ərazilərin mina xəritələrini bizə təqdim etməsi belə deməyə əsas verir ki, proses çətinliklə olsa da, davam edir, hətta irəliləyir.
Amma bizi bu yazıda Şərq Tərəfdaşlığı prosesi maraqlandırır. Bu vaxta qədər ən yüksək səviyyələrdə bəyan olunub ki, gələcək sazişin bütün detalları razılaşdırılıb və onun imzalanması vaxt məsələsdir. Bizə elə gəlir ki, vaxt artıq yetişib. Etiraf edirik ki, Bakı bu dəfə də Avropa ilə saziş imzalamasa və Belarusla bir cinahda qalmağa davam etsə, biz buna çox təəssüflənəcək və təəccüblənəcəyik. Amma Avropa ilə saziş imzalamağın əleyhdarlarının hələ də arqumentləri var. Onlar belə hesab edir ki, indi Azərbaycan-Rusiya əlaqələrində çox həssas məqmadır və biz Aİ ilə saziş imzalamaqla bu münasibətləri gərginləşdirə bilərik.
Bəli, onlar müəyyən mənada haqlıdırlar. Amma burada iki məqam var. Bakı ilə Moskva arasında həssas təmaslar hələ çox çəkəcək.
İkincisi, biz Moskvaya İrəvandan yaxın ola bilmərik, amma o da Aİ ilə saziş imzalayıb və biz bunu hər dəfə qeyd edirik.
Prosesin əleyhdarları həm də belə hesab edir ki, liderlərin görüşü saziş məsələsini bir qədər arxada qoyacaq. Amma biz belə düşünmürük, əksinə, saziş məsələsi Azərbaycan haqqındakı təsəvvürləri bir az da cilalayacaq: bir tərəfdə Aİ ilə saziş imzalayan "demokratik” Ermənistan, digər tərəfdə bu prosesi hər vasitə ilə yubadan Azərbaycan! Heç sözsüz ki, simpatiya əqrəbləri belə vəziyyətdə Ermənistana tərəf dönəcək.
Üstəlik, burada başqa bir məqam da var. Siyasi analitiklərin çoxu belə hesab edir ki, Bakı bu dəfə də sazişi imzalamasa, o, daha heç vaxt onu imzalanmayacaq. Əlbəttə, biz belə nəticələrlə tələsməzdik; burada peyğəmbərlik etməzdik, amma bu dünyanın işlərini bilmək olmaz və məlum deyil ki, üç ildən, beş ildən sonra nə olacaq. Bizi ən çox narahat edən budur ki, Avropa uzun müddət israrlı olmayacaq və vaxt gələcək bir ölkə kimi Avropa üçün cazibəmizi itirəcəyik: iqtisadiyyatımız daha əvvəlki gücündə olmayacaq, bazarlarımız cəlbediciliyini itirəcək...
İnteqrasiya əleyhdarlarının bir arqumenti də var: indi Avropa məkanında çox mürəkkəb proseslər gedir və Böyük Britaniya kimi bir ölkə buranı tərk edirsə, bizim orada nə işimiz var? Bəli, zahirən, formal olaraq hər şey məntiqli görünür. Amma yalnız formal olaraq. Məsələ bundadır ki, Britaniya Avropa Birliyini tərk etsə də, o, demokratik ölkə kimi qalacaq. Amma özümüz haqqında bunu neçə faiz əminlikə deyə bilərik? Bax, elə problem də bundadır...