Xəbər lenti

Dünya 20:36 02.06.2025

"Ya Rusiya nüvə silahına əl atacaq, ya da..." - Ekspert

"Yaranmış vəziyyətdə müharibənin növbəti fazası nüvə silahından istifadə məsələsinə qədər gedib çıxa bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ukraynanın Rusiya ərazisində 41 strateji təyyarənin məhv edilməsilə nəticələnən unikal hərbi əməliyyatını şərh edərkən deyib.

İbrahimli Rüstəmli bildirib ki, Ukraynanı bu müharibəyə cəlb edən güclər var və onun da başında ABŞ-la Avropa dayanır:

"Trampın Ukrayna və Rusiyaya danışıqlar aparmaqla bağlı təklifləri də hələlik heç bir nəticə verməyib. Almaniya isə bu günlərdə bir sıra silahlarının Ukrayna tərəfindən istifadəsinə icazə verib. Bu isə Rusiyanı çox qıcıqlandırır. Çünki Rusiya artıq küncə sıxışdırılır".
 


Həmsöhbətimiz deyir ki, Ukraynanın Rusiyada həyata keçirdiyi möhtəşəm və uğurlu əməliyyatın müəllifi Kiyev deyil, ona dəstək olan ölkələrdir: 

"Bu əməliyyat müharibənin başlanmasından bu yana Rusiyaya vurulan ən böyük ziyandır. Vurulan 41 strateji təyyarənin hər birinin 100 milyon dollardan çox qiyməti var. 1941-ci ildə yaponlar Amerikanın ən böyük donanma sistemini sıradan çıxara bildilər. Ukraynanın atdığı addımı da məntiqli olaraq onunla müqayisə edirlər".

Baş verənlərə rəğmən ekspert Rusiyanın "sındırılacağını" da düşünmür: 

"Rusiya hər gün daha çox itirir. 1 milyona yaxın insan həyatını itirib. Onların hər birinin ailəsinə kompensasiya ödənilir. Amma düşünmürəm ki, bu hadisə Rusiyanı "sındıracaq". Onlar hələ ki, təşəbbüsü öz əllərində saxlayırlar. Bu xəmir hələ çox su aparacaq".

Hətta İbrahim Rüstəmli bu qənaətdədir ki, sözügedən əməliyyat nüvə silahından istifadə məsələsini də gündəmə gətirə bilər: 

"Rusiya artıq bir sıra tribunalarda nüvə silahı məsələsini gündəmə gətirir. Müharibənin növbəti fazası nüvə silahından istifadə məsələsinə qədər gedib çıxa bilər. Rusiya qəfəsə salınmış şimal ayısına bənzəyir və onun qəzəbi müəyyən problemlər yarada bilər. Ya da Putini devirəcəklər. Müharibənin fəsadları, itkiləri hələ çox olacaq".

Qeyd edək ki, ötən gün Ukrayna kəşfiyyat qüvvələrinin Rusiya ərazisində həyata keçirdikləri əməliyyat nəticəsində bu ölkə 41 ədəd strateji təyyarəsini itirib. Yəni hədəfə alınan strateji təyyarələrin 34 faizi məhv edilib. "Hörümçək" kod adlı xüsusi əməliyyatı Rusiya Federasiyasının dərinliyində yerləşən strateji hərbi hava bazalarını hədəfə alaraq Tu-95, Tu-22M3 və A-50 tipli strateji təyyarələri sıradan çıxarıb. Əməliyyat Rusiyanın 7 ərazisini əhatə edib. Həyata keçirilən proses Rusiyaya 7 milyard dollar ziyan vurub. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->