Xəbər lenti

YAP-çı deputatdan polis müdaxiləsinə - REAKSİYA
Siyasət12:46 22.04.2013

YAP-çı deputatdan polis müdaxiləsinə - REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aydın Mirzəzadə: "Müxalifət istənilən bir məsələdə hakimiyyəti günahlandırmaq üçün əsas axtarır"

Xəbər verildiyi kimi, dünən Sumqayıt şəhərində genişləndirilmiş toplantı keçirən Ümid Partiyasının qərargahına polislər müdaxilə edib. Belə ki, partiyanın qərargahı boşaldılıb, partiya üzvləri polis idarəsinə aparılıb. Polis tərəfindən saxlanılanlar sonradan sərbəst buraxılıblar. Polis müdaxiləsi olduğundan partiyanın toplantısı baş tutmayıb. Analoji hal Sabirabadda AXCP-nin keçirdiyi iclasda da baş verib. Polis AXCP-nin iclasının keçirilməsinə imkan verməyib.

Bütün bunların baş verməsinə görə müxalifət düşərgəsi Azərbaycan hakimiyyətini ittiham edir. Onlar müxalifətin hakimiyyət tərəfindən sıxışdırıldığını iddia edirlər.

Baş vermiş hadisələrə münasibət bildirən Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisə deputat seçilmiş Aydın Mirzəzadə Qaynar.info-ya deyib ki, əsas olmadan polis hansısa toplantını dağıtmaz: “Söhbət hansısa toplantının dağıdılmasından getmir. Mən məsələdə bir tərəfli informasiya verilməsinin əleyhinəyəm. Hesab edirəm ki, polis orqanlarının verəcəkləri açıqlamada hər şey yoluna qoyulacaq. Heç bir halda Azərbaycan polisi vətəndaşı əsas olmadan həbs etməz və əsas olmadan kütləvi aksiyanı dağıtmaz”.

YAP-çı deputat qeyd edib ki, bu cür hadisələrdə məsələnin mahiyyəti heç də müxalifətçilərin iddia etdiyi kimi olmur, tamam başqa bir tərəfdən məsələnin aydınlaşması ortaya çıxır: "Müxalifət istənilən bir məsələdə hakimiyyəti günahlandırmaq üçün əsas axtarır. Bu əsas da heç vaxt olmur. Əminəm ki, daxili işlər orqanlarının verdiyi məlumatda hər şey öz əksini tapacaq. Azərbaycan polisi qanunlara hörmətlə yanaşır, vətəndaşın hüquq və azadlıqlarını qoruyur”.

İlkin
Qaynar.info