Sənət 15:03 07.07.2022

Yazarlardan Tahir Əmiraslanova cavab: “Kiməsə acığı tutubsa, gedib onunla haqq-hesab çəksin” (VİDEO)

Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanov illərlə Milli Mətbəx Muzeyi üçün topladığı yüzdən çox mənbə, kitab və əlyazmalarını yandırıb.

Qaynarinfo xəbər verir ki, Tahir Əmiraslanov kitabları necə yandırmağını vedeoya çəkib və onu sosial şəbəkə hesabında paylaşıb:

"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm də ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və sair yaxşı yanır. Bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?".

Tahir Əmiraslanov kitablarını yandırmağının səbəblərini də açıqlayıb: 

1.İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.

2. Natıonal Geoqrafik kimi böyük bir resutsda mətbəximiz təhrif edilir, mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm. Bunları yozmaq lazım deyil”.

"Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduğolu Qaynarinfo-ya açıqlamasında kitabların bu şəkildə yandırılmasını Tahir Əmiraslanlıya yaraşdırmadığını vurğulayıb:


"Tahir bəy bu sahədə xidməti olan bir insandır. Uzun müddətdir ki, bu işlə məşğuldur. Bir vəzifədən çıxarılması onu bu şəkildə məhv etməməlidir. Yəni, özünü o həddə çatdırmamalıdır ki, vəzifədən gedəndən sonra vəzifə dövründə yazdığı arxivləri məhv eləsin. Bu, düzgün yanaşma tərzi deyil. İnsanlar var ki, böyük-böyük vəzifələrini, pullarını itirirlər, amma heç zaman itirdiklərinin qarşısında təslim olmurlar. Amma Tahir bəy bir mərkəzin müdirliyindən çıxıb deyə indi bu şəkildə kitablarını yandırmaq... Bu, cılız söhbətdır. Mən onu Tahir bəyə yaraşdırmıram. Bu sahədə daha mükəmməl işlər ortaya qoya bilər, biz də hamımz ona dətək verərik. Dünyada hər şey baş verir. Birdən-birə bir ailə məhv olur, yerində biri qalır. O, elə bir işlərlə məşğul olur ki, məhv olan ailənin əvəzində sanki bu dünyada yaşayır və görmək istədiyini eşidir. Vəzifəsini itirib deyə kitablarını yandırmaq ona heç yaraşmır. Belə çıxır ki, bu günə kimi gördüyü işlərində səmimi olmayıb. Əksinə, mən fikirləşirdim ki, Tahir bəylə biz birlikdə Azərbaycan mətbəxi ilə bağlı yaxşı kitablar nəşr edə bilərik. Onun bir fərqi var ki, qəhrəmanların üzərində yemək çeşidlərini işləyib hazırlayıb. Bu işinə davam eləsin, bərabər gözəl layihələr edək”.


Yazıçı Qan Turalı Qaynarinfo-ya aşıqlamasında Tahir Əmiraslanovun kitablarının muzey əhəmiyyətli olmadığını deyib:

"Orada muzey əhəmiyyətli kitablardan söhbət gedə bilməz. Bu, Tahir müəllimin özünün verdiyi emosional qərardır. Düşünmürəm ki, cəmiyyətin diqqətini buna cəlb eləmək olar. Azərbaycan cəmiyyəti kitabdan çox uzaq düşüb. Telefonu yandıranda daha böyük diqqt cəlb edirsən, nəinki kitab. Tahir müəllim öz səhvini başa düşəcək ki, kitabları yandırmaq olmaz”. 

Yazıçı Şərif Ağayar Tahir Əmiraslanlını səbrli olmağa çağırıb:

"Konstitusion haqları heç kimi maraqlandırmayan bir xalqın mətbəxi olsa nə olacaq, olmasa nə olacaq? Bir az Tahir müəllim dünyanı gəzdi, qoy bir az da dostumuz Orxan Fikrətoğlu gəzsin. Tahir müəllimə səbirli olmağı, vəzifəsiz yaşamağa öyrənməyi arzu edirəm. Anar Rzayev-zaddı bəyəm əbədi kresloda otursun? Aldığı diplomları bilmərəm, kitabların heç bir günahı yoxdur, yandırmasın onları. Kiməsə acığı tutub. Gedib haqq-hesabı onunla çəksin. Bu davranışın adı vəzifə hərisliyi və qorxaqlıqdır. Belə adamlarla dolma davası eləmək olmaz”.

Yazıçı Mübariz Önər də kitab yandırmağa çox pis baxdığını açıqladı:

"Kitabı da yandırmaq olar? Özü də belə əhəmiyyətli kitabları. Kitabdan heyif çıxmaq olar? Kitabın nə günahı? Bu işə ancaq heyifsilənmək olar, deməyə söz tapmadım”.

Bahar Rüstəmli