Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 3-də Brüsseldə Ermənistan və Azərbaycan arasında "Sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi” komissiyalarının üçüncü iclası keçiriləcək. İclasda Ermənistanı Baş nazirin müavini Mqer Qriqoryan, Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev təmsil edəcək.
Qeyd edək ki, bundan əvvəlki görüş sentyabrın 30-da Moskvada baş tutub. Həmin görüşdə tərəflər təşkilati və prosedur məsələləri, eləcə də gələcək işlərin əsasnaməsini müzakirə ediblər. Həmçinin üçüncü görüşün keçirilməsi barədə razılıq əldə ediblər.
Brüssel görüşünü Qaynarinfo-ya açıqlamasında şərh edən politoloq Taleh Əliyev dbildirib ki, bu görüş barədə o qədər də optimist deyil:
"Təəssüf ki, Azərbaycanla Ermənistanın Avropa İttifaqının vasitəçiliyilə apardığı danışıqlarda əldə olunan bütün nəticələr Rusiya tərəfindən Soçidə üçtərəfli formatda aparılan danışıqlarla yenidən sıfır vəziyyətinə gətirilib. Bu baxımdan, Soçi danışığından sonra Brüssel görüşündə əldə olunacaq nəticələrin dərhal həyata keçiriləcəyi inandırıcı görünmür. Çünki Soçidə qəbul olunan üçtərəfli bəyanatda aydın ifadə olunur ki, prosesdə Rusiya sülhməramlılarının mövqeyi təqdir olunur. Rusiyanın prosesə töhfə verməsi isə münaqişənin donmuş vəziyyətdə qoyması və bu müstəvidə də Kremlin hər iki ölkəyə təsir mexanizmlərini qoruyub saxlaması fonunda özünü göstərir. Bu baxımdan, Brüsseldə olacaq görüşdə əldə olunacaq hər hansı bir razılaşmanın dərhal reallaşacağı inandırıcı deyil. Sabahkı Brüssel görüşündə tərəflər razılaşdırılmayan məqamlarla bağlı yeni yaxınlaşma əldə edə bilərlər. Amma onun gerçəkliyə çevrilməsi Rusiyanın prosesə bu dərəcədə müdaxiləsinin davam etməsi fonunda reallığa çevrilməyəcək”.
Rüfət Sultan
Şərhlər