Xəbər lenti

Zelenski orden qalmaqalından sonra ilk dəfə Polşaya səfər etdi
Dünya 18:38 29.07.2026

Zelenski orden qalmaqalından sonra ilk dəfə Polşaya səfər etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya rəsmi səfər edib. O, iyulun 29-da Lyublin şəhərində Polşanın Baş naziri Donald Tusk ilə görüş keçirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "TVP Info" məlumat yayıb.

Donald Tuskun Kanselyariyası "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, görüşün əsas mövzuları Zelenskinin ABŞ-a son səfərinin nəticələri və ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlar olacaq.

Məlumatda deyilir: "Baş nazir Donald Tusk bu gün günortadan sonra Lyublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Danışıqlar onun ABŞ-yə səfərinin və Prezident Donald Trampla görüşünün yekunlarına həsr olunacaq".

"TVP Info"nun qeydinə görə, bu, orden qalmaqalından sonra Zelenskinin Polşaya ilk səfəridir.

Orden qalmaqalı

May ayının sonunda Polşa Prezidenti Karol Navrotski Volodimir Zelenskini ölkənin ən ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmək niyyətində olduğunu açıqlamışdı. Buna səbəb kimi Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin "Şimal" Mərkəzinə "UPA Qəhrəmanları adına" fəxri ad verməsi göstərilmişdi. Həmin orden Zelenskiyə 2023-cü ilin yazında Varşavada Polşanın sabiq Prezidenti Anjey Duda tərəfindən təqdim edilmişdi.

İyunun 19-da Karol Navrotski Zelenskini rəsmi olaraq "Ağ Qartal" ordenindən məhrum edib. O bildirib ki, bu qərar Ukrayna xalqına qarşı yönəlməyib və Polşanın Ukraynaya dəstək siyasətini dəyişmir. Bununla yanaşı, Polşa-Ukrayna münasibətlərində aşılmamalı olan müəyyən hədlərin mövcud olduğunu vurğulayıb.

Daha sonra Navrotski qərarını belə izah edib: "Biz qürurlu millətik və bizim üçün həssas məsələlərdə müəyyən ağrı həddi var. Bu hədd aşıldığı üçün Prezident Zelenskini "Ağ Qartal" ordenindən məhrum etdim".

Bundan sonra Volodimir Zelenski ordeni Karol Navrotskiyə "Nova Poşta" vasitəsilə geri göndərib. O bildirib ki, Ukrayna Polşa xalqının dəstəyini yüksək qiymətləndirir və Rusiya ilə müharibədə bu əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Prezident həmçinin Polşa ilə bütün məzmunlu əməkdaşlıq formatlarına açıq olduqlarını və gələcəkdə qarşılıqlı hörmətin qorunacağına ümid etdiyini ifadə edib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->