Bu gün ali təhsil müəssisələri və kolleclərə tələbə qəbulu ilə bağlı qeydiyyat başa çatır. 2026-cı ildə ali təhsil müəssisələrinə 115 732 nəfər, 11 illik baza üzrə kolleclərə isə 107 125 nəfər sənəd verib.
Ali məktəblərə sənəd verənlərin 106 718-i Azərbaycan, 11 707-si isə rus bölməsi üzrə qeydiyyatdan keçib.
Kolleclərdə isə 97 882 nəfər Azərbaycan, 9 243 nəfər rus bölməsini seçib.
Buraxılış və blok imtahanlarının keçirilməsi, nəticələrin elan olunması, ixtisas seçimi və nəhayət, ali məktəblərə qəbul nəticələrinin açıqlanması prosesi avqustun sonlarına qədər davam edir. Bu mərhələdə isə faktiki olaraq 216 mindən çox ailə üçün uzun bir gözləmə və stress dövrü başlayır.
Təhsil eksperti Məzahir Məmmədli Qaynarinfo-ya açıqlamasında bildirib ki, abituriyentləri və valideynləri bu stressdən qurtarmaq üçün Türkiyədə tətbiq olunan təcrübəni öyrənmək və tətbiq etmək lazımdır.
"Abituriyentləri və valideynləri bu qədər gərginlikdə saxlamaq olmaz. Keçid mərhələsi üçün buraxılış və qəbul imtahanları optimallaşdırılmalı, yəni qısaldılmalıdır. Bu qədər uzun mərhələyə – buraxılış və qəbul imtahanlarının nəticələrini gözləmək, qruplar üzrə ixtisas seçimi aparmaq, onun nəticələrini gözləmək, sonda isə 5-ci və alt qruplarla bağlı bənd və yarımbəndləri aşmağa ehtiyac yoxdur”.
Məzahir Məmmədli təklif edib ki, qəbul prosesində sadələşdirilmiş mexanizm tətbiq olunmalıdır:
"Valideynləri və abituriyentləri bu stressdən çıxarmaq lazımdır”.
O, həmçinin vurğulayıb ki, Türkiyədə qəbul imtahanları prosesi dünya standartlarına uyğun şəkildə həyata keçirilir:
"Azərbaycanda isə vahid bir model tətbiq edilib. Bu model həm valideynlər, həm də abituriyentlər üçün əlavə stress yaradır”.
Bahar Rüstəmli
Şərhlər